Son illər bütün dünyada "fast-food" qidaların orqanizmə vurduğu zərərlər, törətdiyi təhlükələrlə bağlı ciddi narahatlıq yaşanır. Hələlik isə reallıq ondan ibarətdir ki, bu qidalar artıq həyatımıza elə şəkildə daxil olub ki, yalnız böyüklər deyil, uşaqlar da ondan olduqca çox istifadə edir. Halbuki, həmin qidaların uşaq orqanizminə mənfi təsiri daha sürətlə ola bilir.
Qərbi Avstraliya Universiteti ilə Telethon Uşaq Sağlamlıq Araşdırma İnstitutunun birlikdə həyata keçirdiyi araşdırmanın nəticələri d əbunu təsdiq edir. Araşdırma nəticəsində məlum olub ki, "fast-food" qidalar uşaqlarda piylənmə ilə yanaşı, bir sıra zehni problemlərə də yol aça bilir. Belə ki, "fast-food" qidalardan istifadə uşaqlarda öyrənmə pozğunluğu, motivasiya əskikliyi və yaddaş zəifliyinə yol aça bilər. Bu baxımdan valideynlərə uşaqlarını bu tip qidalardan maksimum uzaq tutmaq tövsiyə edilir.
Azərbaycanın baş pediatrı Nəsib
Quliyev son illər Azərbaycanda da uşaqların belə qidalara meyl
etməsini mənfi hal sayır. Həkim-pediatr Movqe.az-a verdiyi
açıqlamada bildirib ki, uşaq orqanizminin tələb etdiyi bəzi
maddələr yalnız təbii qidaların tərkibində olur. Bu baxımdan
"fast-food" qidalar bu tələbləri ödəyə bilmir: "Ümumiyyətlə, heç
bir halda ayaqüstü qidalar məsləhət görülmür. Uşaqlara xüsusilə.
Bu, onların orqanizminə daha çox zərər vurur. Ayaqüstü qida heç
vaxt tam keyfiyyətli qida hesab olunmur. İstənilən halda zərər
gətirir. Aclıq hissini öldürsə də, xeyirdən çox ziyan gətirir. O
baxımdan da məsləhət görülmür. Konservantdan hazırlanmış və yaxud
konservləşdirilmiş, vaxtı keçmiş, çox saxlanılmış qidalarda daxili
bioaktiv maddələrin səviyyəsi aşağı düşür. Bu vitaminlərə də, digər
bioloji aktiv maddələrə, hətta minerallara da, birləşmələrə də
aiddir. Çünki bu tip qidalarda sözügedən maddələr parçalanır,
keyfiyyətini itirir. Uşaqlarda baş beyin üçün tələb olunan elə
maddələr var ki, onlar ancaq təzə qidanın tərkibində olur. Məsələn,
kazein zülalı, araxidon turşusu. Bu kimi maddələr ancaq təbii
və təzə qidalarda ola bilir. "Fast-food" adlandırılan qidalarda
əksərən bu maddələr parçalanır, yox olur. Bu, baş beyin,
kəllə beyinin intellektual inkişafına təsir
göstərir".
Həkim-pediatr valdeyinlərə tövsiyə edir ki, uşaqlarına heç vaxt küçdə satılan, sanitar-gigiyenik normalara uyğun hazırlanmayan, hazırlanma texnologiyası standartlardan tam uzaq qidalar verməsinlər: "İnsan dünyaya gələndən 18 yaşına qədər uşaq sayılır. Qida uşağın yaşına uyğun olmalıdıdır. 3 yaşında uşaq "fast-food" yeyirsə, bunun mütləq mənfi fəsadları olacaqdır".
Araşdırmalardan o da üzə çıxır ki, heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulların, eləcə də süni qidaların tərkibində vitaminlər, enerjinin, karbohidratların dəyəri qeyri-stabil olur. Belə qidaları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. "Fast-food" məhsullarından tez-tez istifadə edən ailələrin uşaqlarında yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə "kökəlmə bəlası"na düçar olurlar. Uşaqlar çox yedikləri üçün deyil, zərərli qidalar yedikləri üçün xəstələnirlər. O da xüsusi olaraq qeyd edilməlidir ki, hamburger növü yeməklərin tərkibində xeyli miqdarda doymuş yağ və duz olduğundan, bu yeməklərin karbohidrat göstəricisi də aşağı səviyyədədir. "Fast-food" qidalarında enerjinin kalorisi çox yüksəkdir. Yağ və şəkər fast-food yeməklərinin enerji mənbəyidir. Bir pay fast-foodun enerji dəyəri 400-1600 kalori arasında dəyişir. Ortalama olaraq "fast-food" məhsullarındakı enerjinin 40-60 %-i yağlardan alınır. Bu isə kökəlməni sürətləndirir.