Miao - dünyanın ən böyük mağarası

1 Oktyabr 2014 08:28 (UTC+04:00)

Çində təpələr altında gizli qalan və oraya yalnız yeraltı axınlar vasitəsilə çatmaq mümkün olan Miao mağarası dünyada ən böyük mağaradır. Bu barədə yeraltı mağaranın sərhədlərini lazer şüası vasitəsilə tədqiq edən beynəlxalq tədqiqatçılar qrupu məlumat verib.

Britaniyalı alimlərin Quylindəki Karst Geologiyası İnstitutunun (Çin) mütəxəssisləri ilə birlikdə keçirdikləri ekspedisiya ABŞ Milli Coğrafiya Cəmiyyəti tərəfindən maliyyələşdirilib. Nəticələr mağaralar üzrə Böyük Britaniyada keçirilən konfransda açıqlanıb. Ekspedisiyanın rəhbəri Riçard Uolters bildirib ki, Miao mağarasının həcminin 10, 78 milyon kub metrə yaxın olduğu məlumdur.

Hesablamalar göstərib ki, Miao mağarası öz həcminə görə ötən il ən böyük mağara hesab edilən Malayziyadakı mağaradan təqribən 10% böyükdür. Amma Malayziya mağarası sahəsinə görə əvvəlki kimi ən böyük mağara olaraq qalır. Onun sahəsi 155 min kvadrat metr təşkil edir.

1989-cu ildə Çin-Avropa geoloji ekspedisiyası tərəfindən aşkar edilmiş Miao mağarası Ziyun Getu He Chuandong Milli Parkının altında yerləşən nəhəng Gebihe mağara sisteminin bir hissəsidir.

Ekspedisiya 2013-cü ildə çoxsaylı lazer sklanirləşdirməsindən sonra mağaranı xəritə üzərinə köçürüb. Qrup yeraltı mağaranın ölçülərini hesablamaq və daha dəqiq nəticələr əldə etmək üçün Lankastr Universitetindən (Böyük Britaniya) olan ekspertlərin iştirakı ilə məlumatları yenidən araşdırıb.

Onlar həmçinin lazer skanirləşdirilməsindən sonra Çinin cənubundakı iki mağara- Titan və Hong Meigui, eləcə də yuxarıda adı çəkilmiş Salavak mağarası haqqında yeni məlumatlar verib.