Xəzər ətrafında daha bir möhtəşəm layihə

1 Oktyabr 2014 08:52 (UTC+04:00)

Xəzər dənizi ətrafında daha bir ambisiyalı layihənin reallaşdırılması gündəmə gəlib. Söhbət dəniz sahili boyunca dairəvi dəmiryolu xəttinin çəkilməsindən gedir. Qeyd edək ki, Həştərxanda keçirilən "Xəzər-2014" sammitində Rusiya prezidenti Vladimir Putin Xəzər dənizi ətrafında dəmiryol dairəsi layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Putin bu layihənin perspektivli olacağını düşünür. Qeyd edək ki, layihə Xəzər dənizinin əsas limanlarının birləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində yüklərin daşınması zamanı vaxtı itkisinin və artıq məsrəflərin qarşısını alır. Rusiya prezidenti hesab edir ki, sözügedən layihə Xəzəryanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərəcək. Yerli mütəxəssislər isə sözügedən dəmiryolu xəttinin çəkilməsiən fərqli prizmadan yanaşır. 

İqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, bu layihənin gündəmə gətirilməsi yeni məsələ deyil: "Rusiya daha çox Azərbaycan ilə münasibətlərinin istiləşməsi və bunun əməkdaşlıq çərçivəsindən kənara çıxaraq real məzmunlu inteqrasiya kursuna qədəm qoymasına çalışır. Bu, ondan xəbər verir ki, Azərbaycan-Rusiya münasibətlərinin intensivləşməsində Rusiya daha çox maraqlı görünür. Məqsədi Azərbaycanı bütün vəchlə Avropaya inteqrasiya xəttindən, Qərb ilə razılaşdırılmış müxtəlif enerji layihələrində birgə iştirakdan çəkindirməkdir ki, Azərbaycan infrastruktur bağlılığı baxımından mərhələli olaraq daha çox Rusiyanın təsiri altında olsun. Məlumdur ki, Bakı-Tiflis-Qars xətti üzərində işlər yekunlaşmaq üzrədir. Əslində, belə bir dəmiryolu xəttinin fəaliyyətə başlaması ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında daşımaların həcmi xeyli artacaq. Ona görə də Rusiya Azərbaycan ilə ticari əlaqələrin sıxlaşması, Azərbaycan ilə təmasların artmasında daha çox maraqlıdır. Azərbaycan Rusiya üçün enerji baxımından ayrı məkanda qalıb. Ukraynada olan hadisələr də göstərdi ki, Avropaya inteqarsiya kursunu israrla müdafiə edənlər əvvəl-axır Rusiya ilə maraqlar konfliktinə girməli olur. Bu vəziyyətin baş verməməsi üçün Rusiya Azərbaycan ilə bağlı qabaqlayıcı tədbirlər görməkdə maraqlıdır. Çünki, Orta Asiya ölkələrindən fərqli olaraq Azərbaycan Rusiyanın təsiri altında deyil".

Digər iqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, Xəzər sahili boyunca dairəvi dəmiryolu xəttinin çəkilməsi ideyası özlüyündə cəlbedicidir: "Ancaq məlum olduğu kimi, Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı və genişləndirilməsi sahəsində çox böyük işlər həyata keçirir. Bu yaxında yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı oldu. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması fonunda yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini həll etməyə, Bakının Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevrilməsinə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığın dərinləşdirilrməsinə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradacaq. Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Bu limanın tikintisi ilə Xəzər dənizində əməkdaşlıq daha da dərinləşəcəkdir. Odur ki, bütün bunların konteksində dairəvi dəmir yolu xəttinin də çəkilməsi düşünmürəm ki, əlavə olaraq daha ciddi nələrsə versin. Lakin məsələnin iqtisadi əhəmiyyəti - layihənin səmərəlilik dərəcəsi Xəzəryanı ölkələr tərəfindən birgə nəzərdən keçirilsə, yaxşıdır".