Qənirə Paşayeva AŞPA-da Şahbaz Quliyev və Dilqəm Əhmədovla bağlı məsələ qaldırıb

30 Sentyabr 2014 19:40 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında irqçilik və dözümsüzlüyün artması ilə bağlı məsələnin müzakirəsində çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev, Dilqəm Əhmədov və öldürülən Həsən Həsənovdan danışıb.

Q. Paşayeva çıxışında xatırladıb ki, Ermənistanda nifrətin, dözümsüzlüyün və irqçiliyin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılması nəticəsində bu ölkədə etnik təmizləmə siyasəti aparılıb: "1988-ci ildə bu ölkədə yaşayan azərbaycanlılar zorla öz evlərindən çıxarılaraq qovulublar. Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalıda soyqırım həyata keçirib. Bir milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salınıb və onlar 20 ildən artıqdır öz evlərinə dönə bilmirlər".

 

Q. Paşayeva bildirib ki, Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal altındakı Azərbaycan torpaqlarını azad etmir: "Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa, Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycanla bağlı dezinformasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb, onların hamısı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbristanlıqlar belə dağıdılıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında da azərbaycanlılara məxsus bütün dini, tarixi, mədəni abidələri, məzarlıqları dağıdır, bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və video materiallar var. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı əziyyət və işgəncələr verməkdə davam edilirlər. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır. Düşünə bilirsinizmi, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyət verilir. Mən məruzəni dəstəkləməklə yanaşı, məruzədə son zamanlar narahatlıq doğuran bir məsələnin də öz əksini tapmasını istəyərdim". (APA)