Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycana gəlib

30 Sentyabr 2014 19:52 (UTC+04:00)

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının tibb xidməti polkovniki, professor Türker Çetinin rəhbərliyi ilə 6 nəfərlik professor-dosent heyəti Azərbaycana gəlib. Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına uyğun olaraq baş tutan səfər çərçivəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevlə polkovnik Türker Çetinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oktyabrın 2-dək davam edəcək səfər proqramında türkiyəli həkimlərin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tələbə və rezidentlərinə mühazirələr oxumaları, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan xəstələrin konsultasiyası, azərbaycanlı həkimlərlə birgə cərrahi və ortopedik əməliyyatların aparılması nəzərdə tutulub.