İŞİD əsas mütəffiqimiz üçün böyük təhdidə çevrilir

2 Oktyabr 2014 08:01 (UTC+04:00)

Xəbər verildiyi kimi, İŞİD terror qruplaşması silahlıları Suriyanın Hələb şəhərində 20 türk hərbçisini əsir götürüb. Məlumata görə, əsir götürülən hərbçilər Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman Şahın məqbərəsini qoruyurmuşlar. Bununla da artıq İŞİD ikinci dəfədir ki, Türkiyə vətəndaşlarını əsir götürür. Məlumdur ki, bundan öncə qruplaşma Türkiyə konsulluğunun 49 işçisisini 101 gün saxladıqdan sonra geri qaytarmışdı. Belə vəziyyət Türkiyəni İŞİD-ə qarış daha sərt addımlar tamağa və ona qarşı yaradılan koalisyaya qoşulmağa vadar edir. Artıq Türkiyənin baş naziri Əhməd Davudoğlu hökumət ordusunun ölkə xaricindəki əməliyyatlarda iştirakına icazə verilməsi üçün Böyük Millət Məclisinə (TTBMM) sorğu göndərib. Bunula yanaşı, Türkiyə Silahlı Qüvvələri ölkənin cənubuna ağır artilleriya yeridib. Ekspertlər bununla da Türkiyənin İŞİD-ə qarşı koalisiyaya rəsmən qoşulduğunu bildirir. Xatırladaq ki, prezident Rəcəb Tayyip Ərdoğan da verdiyi açıqlamada koalisiya qüvvələrinin İŞİD-ə qarşı Suriya və İraqda genişmiqyaslı hərbi əməliyyatlara başlamasının vacib olduğunu bildirmişdi: "Koalisiya həm İraq, həm Suriyanı hədəfə almalıdır. Belə bir əməliyyatda Türkiyə kənarda qala bilməz".

Oktyabrın 2-də isə Türkiyə parlamentində keçiriləcək qapalı iclasda Suriyadakı münaqişəyə hərbi müdaxilə ilə bağlı mümkün tədbirlər müzakirə olunacaq. Məlumata görə, iclasda İŞİD terror qruplaşmasının Suriyadakı qüvvələrinin və PKK-nın ölkəyə yaratdıqları təhlükəyə cavab ola biləcək hərbi tədbirlər müzakirə olunacaq. İşin digər maraqlı tərəfi Türkiyənin hərbi müdaxilələrə başlayan zaman Azərbaycanın ona hansı formada dəstək verəcəyidir. Çünki tərəflər mümkün təhdidləri birgə dəf etmək üçün son dövrlərdə fəaliyyətlərini daha çox koordinasiya edirlər. Elə hələ də ölkəmizdə davam edən birgə hərbi təlimlərin əsas məqsədlərindən də biri budur.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri məsələ iləbağlı qəzetimizə bildirdi: "Əgər türk hərbçilərinin girov götrülməsi ilə bağlı informasiya həqiqətdirsə, bu, İŞİD-in Türkiyəyə qarşı gördüyü qabaqlayıcı tədbir kimi qiymətləndirilməlidir. Çünki, artıq hiss olunur ki, bu istiqamətdə Türkiyə müəyyən hazırlıqları görür. İraq və Suriyada Türkiyə silhalı qüvvələrinin iştirakı ilə bağlı qanun layihəsi parlamentə göndərilib. Bunu da təbii ki, İŞİD bilməmiş deyil. Odur ki, o da öz növbəsində Türkiyənin prosesə qoşulmaması üçün qabaqlayıcı tədbirlər görə bilər. İŞİD-in bu hərəkəti Türkiyənin indiki durumunu çətinləşdirdi. Ancaq burada bəzi problemlər də var. Belə ki, hələ Türkiyə bütün istəklərini ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan ala bilməyib. Məsələn, Türkiyənin istəklərindən biri Suriyada təhlükəsiz uçuş bölgəsinin yaradılmasıdır. Eyni zamanda Türkiyə ən azından suriyalı vətəndaşların Suriya ərazisində təhlükəsiz bölgəyə köçürülməsini istəyir. Bu xüsusda hazırda bütün problemlərin, xüsusi ilə humanitar yardımların altında olan Türkiyədir. İndiyə qədər Suriyadan gələn qaçqınlara Türkiyənin xərclədiyi pulun miqdarı 6 milyard dolları keçib. Bundan başqa, Türkiyə İŞİD-in zərərsizləşdiriləcəyi təqdirdə proseslərin hansı istiqamətə gedəcəyi cavabını almayıb. Bunun kimi məsələlər qaranlıq qaldıqca bir çox problemlər Türkiyənin özünün təhlükəsizliyini təhdid edə bilər".

Politoloq qeyd etdi ki, hazırda regionda yeni Kürdüstan dövlətinin yaradılmasına hazırlıqlar gedir: "Kürdüstan bölgəsi ciddi şəkildə Qərb dünyası tərəfindən silahlandırılır. Bundan başqa, gələcəkdə İŞİD-i zərərsizləşdirmək üçün suriya prezidenti Bəşər Əsədin də həmin koalisiyaya qoşulub-qoşulmayacağı cavabsız suallardandır. Yaxud da İŞİD Bəşər Əsədlə bərabər Qərb dünyasına qarşı vuruşa bilər. Yəni, problemlər çoxdur. Bütün bunlar Türkiyəni düşünməyə vadar edir. Ona görə də Türkiyə hələ birmənalı qərar qəbul edə bilmir. Ancaq Türkiyənin bu davranışı çox doğrudur. Türkiyən özünün dövlət maraqlarını, Yaxın Şərqəki savaşın gələcəkdə hansı nəticələr doğuracağını düşünür. Türkiyə onu da bilir ki, İŞİD-in hədəfində Türkiyə kimi, strateji müttəfiqi olan Azərbaycan da var. Türkiyənin bu gün tərəddüd etməsi də məhz buna bağlıdır. Türkiyə ABŞ-ın istəklərinə rəğmən, özünün və müttəfiqlərinin maraqlarını nəzərə alır. Çünki, İŞİD İslamla heç bir əlaqəsi olmayan bir alətdir. Bu alətin Suriyadan sonra hansı bölgədə hansı məqsədlərlə istifadə olunacağı bəlli deyil. Artıq Rusiya da bu məsələdən ciddi narahatdır. Çünki, İŞİD-in rəhbərliyinin əksəriyyəti çeçen mücahidləridir. Odur ki, qruplaşma Suriyadan sonra Qafqaza da yönələ bilər. Bu isə ölkəmiz üçün də bir təhdiddir. Ancaq İŞİD-ə qarşı olan koalisiyada Azərbaycan iştirak etmək məsələsində tələsik qərar verməməlidir. Çünki, İŞİD yaxın müddətdə zərərsizləşdiriləcək bir qrup deyil".