Cəbhədə vəziyyət yenə gərginləşir

2 Oktyabr 2014 09:19 (UTC+04:00)

Cəbhə bölgəsində atəşkəs səngimir. Hər gün erməni işğalçıları bu və ya digər təmas xətti ərazisindən ordumuzun mövqelərini və mülki əhalinin olduğu əraziləri atəşə tutur. İndi isə iddialar səslənir ki, cəbhədə atəşkəsin pozulması halları daha intensiv hal ala bilər və buna səbəb Ermənistanda artan siyasi, sosial gərginlikdir. Ölkədə etiraz aksiyaları yeni vüsət alıb. Parlamentdə "Çiçəklənən Ermənistan" partiyasını təmsil edən deputat Tiqran Urixanyan baş verənlərlə əlaqədar qeyd edir ki, Ermənistan hakimiyyəti bütün mümkün və qeyri-mümkün sərhədləri aşıb. Razdan şəhərində çoxsaylı mitinqdə çıxış edən deputat bildirib ki, Ermənistan bu gün ağır vəziyyətdədir: "Yoxsulluq, işsizlik və mühacirətin səviyyəsini azaltmaq əvəzinə hakimiyyət konustitusiya islahatı ilə bağlı yeni siyasi şou keçirməyi təklif edir. Bu, hakim rejimə öz hakimiyyətini ən azı daha on il saxlamağa imkan verəsək". Bununla yanaşı, müxalifət aksiyaların davamıl xarakter almasında maraqldır və etiraz aksmiyaları ilə hakimiyyəti devirə biləcəkləriən ümid edirlər. Prezident Müxalifət oktyabrın 10-da Yerevanda keçirilməsi nəzərdə tutulan ümumerməni mitinqində ölkə rəhbərliyinin istefası tələb etmək buna nail olmaq niyyətindədir.

Adətən, belə vəziyyətdə Ermənistan hakimiyyəti özünə yönəlik təhlükəni sovuşdurmaq üçün hər dəfə Qarabağ kartından yararlanmağa çalışır və cəbhədə vəziyyəti gərginləşdirir. Bununla da erməni hakimiyyəti diqqəti daxili narazılıqlardan, cəbhə bölgəsinə yönəltməyə və belədə ömürlərini uzatmağa meyllidirlər.

İndi də analoji vəziyyətin təkrarlanması istisnalıq təşkil etmir. Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev ermənilər tərəfindən belə hərəkətlərin gözlənildiyini istisna etmədi. Amma onu da xatırlatdı ki, əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməklə, Ermənistan hakimiyyəti özünə quyu qazmış olacaq: "Ermənistan hakimiyyətindən əslində, nə desən, gözləmək olar. Çünki, bu hakimiyyət Ermənistanda heç zaman legitim olmayıb. Normal düşüncəli erməniyə görə, hazırki iqtidar hakimiyyəti zəbt edib. Ona görə də ara-sıra bu ölkə daxilində, habelə xaricdən Ermənistanın özünü keçmiş separatçı Qarabağ banditlərindən azad etmək barədə fikirlər səslənir. İndiki hakimiyyətə narazı qüvvələrin münasibəti belədir. Hazırki rejim hakimiyyətini zorla qəbul etdirib. Daxili narazılığı neytrallaşdırmaq üçün Sarkisyan hakimiyyətinin cəbhə bölgəsində gərginliyin artırılmasına getməsinə gəldikdə də, onlardan nə desən, gözləmək olar. Dəfələrlə onun şahidi olmuşuq ki, hətta hansısa müzakirələr ərəfəsində, təmas xəttində vəziyyət gərginləşib. Avqustun əvvəlində baş verən sonuncu hadisədən sonra İrəvan hakimiyyətindəki cəbhədə gərginlik yaratmaqda maraqlı olan müəyyən çevrələr özləri üçün müəyyən dərslər çıxarmalıdır. Yenə də atəşkəsin intensiv pozulması kimi hallar baş versə, onlar Azərbaycan tərəfinin indiyə kimi görünməyən sərt reaksiyası ilə üzləşəcək və çoxsaylı itkilər verəcəklər. Bunu orada anlamalıdırlar. Belə avantüralara, süni gərginləşdirməyə getsələr, onlara verilən cavab da çox sərt olacaq, yəqin ki, bunu ermənilərin özləri də başa düşür. Digər tərəfdən, Ermənistan hakimiyyəti həmişə ağalarına güvənib. Yəqin ki, orada da bir neçə nəfər normal düşüncəli tapılaraq, son proseslərdən nəticə çıxarmaqla, bəzi məsələləri cəmiyyətə anlada biləcəklər. Onlar başa düşməlidir ki, avqustdakı situasiya ermənilər üçün dərs olmalıdır, bundan nəticə çıxarmalıdırlar. Əks təqdirdə, nəticələr ermənilər üçün çox ağır olacaq. Cəbhə bölgəsində atəşkəsin mütəmadi olaraq pozulmasını həyata keçirməklə diqqəti daxili gərginlikdən yayındırmağa gəldikdə, bu barədə həmişə deyilib, indi də deyilməsinə yer var. Həqiqətən də Ermənistan problemlər işərisindədir. Xalq, müxalif qüvvələr Sarkisyana demək olar ki, hər gün bu barədə danışır. Qarşıda prezidentlərin görüşünün olacağı anonsu da verilib. Belə şəraitdə, təmas xəttində gərginləşmə yalnız ondan xəbər verə bilər ki, İrəvan normal, konstruktiv, hansısa anlaşmanın olmasını istəmir. İstəmirlər, onda özləri üçün pis olacaq. Ermənilərin hazırda yaşadığı həyat şəraiti illərlə deyil, aylarla da davam edə bilməz. Mütləq bu ölkədə hansısa sosial partlayış ola bilər. Bunu Ermənistan anlamalıdır".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının da fikrincə, daxildə kritik hədd yaşananda, Ermənistan hakimiyyəti cəbhədə vəziyyəti gərginləşdirmək taktikasından yenə də istifadə etməyə çalışacaq: "Ermənilər tez-tez onsuz da cəbhə bölgəsində gərginlik yaradır. Bu yolla da Sarkisyan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Bu Ermənistan rejimi tərəfindən dəfələrlə istifadə olunmuş variantdır. Ermənistan əhalisinin vəziyyəti həddən artıq ağır və çətindir. Bir tərəfdən Gömrük İttifaqına daxil olmaqla bağlı etiraz dalğası baş qaldırıb. Hansı ki, onlar da Qərbdəki müəyyən xarici qüvvələr tərəfindən dəstəklənir. O biri tərəfdən də, ölkə daxilində iqtisadi vəziyyət həddən artıq kritikdir. Bu da daxildə geniş etiraz səslərinin ucalmasına gətirib çıxarır. Deməli, bu ölkədə iqtisadi çətinliyə, hakimiyyətin yürütdüyü siyasətə etiraz olaraq aksiyalar keçirilir. Eyni zamanda, Ermənistanın Rusiyanın təklif etdiyi Gömrük İttifaqına qoşulmaq niyyəti fonunda da, bu addımdan narazı qüvvələrin aksiyalarını təşkil etməyə çalışırlar. Bir sözlə, Ermənistanda hətta vətəndaş müharibəsinin yetişməsi üçün daxili faktorlar mövcuddur. Bu kimi ehtimalların qarşısını almaq üçün Ermənistan hakimiyyəti başqa təsirli vasitələr tapa bilmədiyindən, iqtidarda olanların cəbhə bölgəsində yenidən gərginliyi alovlandırmaq kimi təcrübədən bəhrələnmələri ehtimalı realdır".