Bazarlarda ucuzluq yaratmağın yolu tapıldı

2 Oktyabr 2014 09:28 (UTC+04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov kənd təsərrüfatı məhsullarının şəhərlərdə baha satılmasının səbəbini açıqlayıb. Onun fikirincə, bazarlarda kəndlinin məhsulları əldən ələ ötürüldükcə qiymətlər də bahalaşır: "Biz elə etməliyik ki, istehsalçı öz məhsulunu birbaşa istehlakçıya çatdıra bilsin. Ona görə də, bunun da həlli yollarını düşünməliyik. Kənd Təsərrüfatı Nazirliyinin şənbə və bazar günlərində təşkil etdiyi yarmarkalarda qiymətlər ucuz olur, çünki kəndli burada öz məhsulunu sata bilir. Amma ayrı günlərdə isə bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olur". Bu fonda maraqlıdır, işi elə təşkil etmək olarmı ki, həftənin bütün günləri kəndli şəhərdə öz məhsulunu sata bilsin?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirdi ki, bunun üçün ya yeni bazarlar inşa edilməli, ya da fermerlərin istehlakçı ilə birbaşa təmasına şərait yaradılmalıdır: "Fermerin öz məhsulunu bazara özünün çıxarmasına yol verilməlidir. Burada söhbət təsərrüfatları böyük olan, orada fərqli çeşiddə mal-məhsul istehsal olunan fermer təsərrüfatlarından gedir. Elə fermer var ki, taxılla yanaşı, meyvəçilik, tərəvəzçiliklə, heyvandarlıqla da məşğuldur, yəni müxtəlif çeşiddə məhsul istehsal edir. Həmin fermerlər üçün ya yeni bazarların inşa edilməsinə ehtiyac var. Ya da mövcud olan bazarlarda onlar üçün şərait yaradılmalıdır ki, belədə istehsal etdiyi məhsulu bazara göndərməklə, birbaşa istehlakçı ilə özü təmasda olsun. Fermerlərin bəzilərinin məhsulu birbaşa deyil, tədricən bazara çıxarmaları üçün onun saxlanılması üzrə müəyyən məntəqələri də var. Beləliklə, fermerin məhsulunu satarkən birbaşa istehlakçı ilə özünün əlaqədə olması üçün Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə ayrıca bir neçə bazar inşa edilməli, ya da mövcud bazarlarda onlar üçün də şərait yaradılmalıdır. Bunun üçün də hökumət müəyyən proqram hazırlamalıdır. Həmin proqram həm də bazar sahiblərinin marağına uyğun həyata keçirilməlidir. Onların fermerlərlə birgə fəaliyyətini tənzimləyəcək qanun qaydalar qəbul edilməlidir. Bu zaman fermerlə həmin bazar sahiblərinin müqaviləsi də olmalıdır. Sahibkar tam əmin olmalıdır ki, fermer bütün il ərzində onun bazarında satışı həyata keçirəcək. Fermer bunu həyata keçirə bilmədikdə, digər fermerlərlə müqavilə bağlayıb, satışın mərhələ-mərhələ həyata keçirilməsini təşkil etməlidir. Belə olarsa, bundan nə bazar sahibi əziyyət çəkər, nə də fermerlərin istehsal etdiyi məhsul əllərində qalar. Hazırda mövcud olan yarmarkalarda da fermerlər öz məhsulunu təəssüf ki, gətirib sata bilmir. Həftədə iki dəfə baş tutan yarmarka kiçik sahibkarlara imkan vermir ki, öz mal-məhsulunu hissə-hissə satsın. Bazarlar, mağazalar və həftədə iki gün keçirilən yarmarkalarda eyni zamanda ticarətin həyata keçirilməsi dövriyyəni sürətləndirmir. Belədə ya həmin yarmarkalar davamlı şəkildə keçirilməli və orada hansı kənddən fermerin məhsul gətirə biləcəyi yer də məlum olunmalıdır. Fermer davamlı olaraq orada mal-məhsulunu satsa, belədə dövriyyə də normal olacaq. Hökumət bu istiqamətdə proqram çərçivəsində ciddi addımlar atmalıdır. Bu istiqamətdə qanun və qaydalarda müəyyən yeniliklər edilməlidir ki, fermerin birbaşa özünün çıxışı təmin edilsin, həm də bazar sahiblərinin işində problem yaranmasın. Bunları həyata keçirmək mümkündür. Lakin bu addımların təşkili istiqamətində hələ çoxlu işlər görülməlidir".