Kasparov Putini 1000 "əl Qaidə"dən də təhlükəli hesab edir

1 Oktyabr 2014 19:06 (UTC+04:00)

"Newsweek" jurnalında şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun Putin barədə dedikləri çap olunub. Kasparov bildirir ki, Putin İslam Dövləti (İD) təşkilatından daha təhlükəlidir. Onun fikrincə, Putinin təhlükəsi 1000 dənə "əl-Qaidə" təhlükəsindən çoxdur. Yahoo news-a müsahibəsində Kasparov deyib ki, Putin dünyada ən təhlükəıli adamdır. Ondan soruşulub ki, dünyada təhlükəsizliyə ən böyük təhlükə kimdir? Kasparov deyib: "Əlbəttə, Putin". O izah edib ki, Putini hərbi yolla məğlub etmək olmaz, İD-ni isə olar. Kasparovun fikrincə, "əgər ABŞ istəsə, İD-ni 24 saata toza çevirər". Kasparov İD-nin məhv edilməsi haqda deyib ki, bir İD –ni dağıdacaqsınız, yerinə başqa İD gələ bilər. Ancaq sizin həmişə həll variantınız var, çünki bilirsiniz pul hardan gəlir. Siz Qətəri izləyə bilərsiniz, Səudiyyə Ərəbistanını izləyə bilərsiniz. Hərbi koalisiya yarada bilərsiniz və bunlar İD-ni hərbi və maliyyə cəhətdən sıxışdırar. Kasparov deyir ki, bütün bunları Putinlə edə bilməzsiniz: "Putin daimi təhlükədir". 51 yaşlı Kasparov bundan əvvəl Twitterdə də Putini tənqid edirdi. O yazırdı ki, Putin diktatordur, Rusiya intellektuallarını ölkədən çıxıb getməyə vadar edir. O deyir ki, Putin nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyir, bunun üçün ona qlobal sabitsizlik yaratmaq lazımdır. "Əgər o, dünyanı nüvə silahı ilə şantaj etməyə başlasa, mən buna təəcüblənmərəm".