Şadlıq evlərində pozulan hallalıq prinsipləri

2 Oktyabr 2014 11:17 (UTC+04:00)

Toy məclislərində ən çox narazılığa səbəb olan məqamlardan biri də süfrəyə düzülən yeməklərlə bağlı olur. Şadlıq evlərinə təşrif buyuranların heç də hamısı yeməyin keyfiyyətindən razı qalmır. Xüsusən də ət yeməklərindən, kolbasa məhsullarından ehtiyat edənlərin sayı kifayət qədərdir. Bu arada xatırladaq ki, ölkədə 2012-ci il avqust tarixindən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Halal qida. Ümumi tələblər" adlı dövlət standartı tətbiq olunur. Lakin restoran və kafelərdə, şadlıq saylarında hər zaman bu standartlar gözlənilirmi? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, əslində, dini toy məclislərində belə halallıq tələblərinə hər zaman əməl olunmur. Bu, birbaşa olaaq istehlakçı hüquqlarına ziddir. Birliyin sədri Movqe.az-a açıqlamasında belə bir məlumat verib ki, bu gün dünyada "halal"

 adı ilə hazırlanan qidaların 82%-i xristianlar tərəfindən istehsal olunur: "Keçən ilin 23-25 oktyabr tarixlərində İstanbulda "Dünya Halal Qida"  Konqresində oldum. Ora dünyanın 69 ölkəsindən din alimləri və texnoloqlar gəlmişdilər. Türkiyənin nazirlərinin birinin çıxışında bildirildi ki, dünyada halal qidaya tələbat dövriyyəsi 1 ildə 3 trilyon dollardır. Və təəssüflər olsun ki, halal qida adı altında istehsal olunan məhsulların 82%-i xristianlara məxsusdur. 3 gün ərzində məsələlər müzakirə olundu, lakin heç bir ortaq məxrəcə gəlinmədi". 

Eyyub Hüseynov bildirir ki, Azərbaycanda hazırlanan standartlar dünya standartlarına uyğundur. Lakin çox hallara bu standartlar sənəd üzərində qalır, əməl olunmur: "Bundan əlavə, restoran, kafe, şadlq saraylarında standartlara əməl olunmasıyla bağlı konkret standart yoxdur. Qoyulan şərtlər yalnız istehsal müəssisələrinə aiddir. Və adını çəkdiyimiz yerlərdə hətta dini toy məclislərində belə 100% halallıq tələblərinə əməl olunmur.  Süfrəyə gətirilən müxtəlif heyvan ətlərinin müsəlmanlar tərəfindən, üzü qibləyə tutularaq kəsilməsi, bıçağın heyvanın başına bir dəfə çəkilməsi,  heyvanın digər heyvanların gözü qarşısında kəsilməməsi kimi halallığın çoxsaylı tələbləri var. Əgər ət kütləvi istehsal yerlərində  kəsilirsə, heyvana verilən cərəyan şiddəti, hansı formada kəsilməsi və s. hamısı standartlarda öz əksini tapıb. Şadlıq evi və restoranlarda bu hallalıq prinsiplərinə əməl olunmur. Standartlar istehsal müəssisələrinə aid olsa da,  orda da böyük problemlər yaşanır. Bu işə nəzarət edib pul qazanmaq uğrunda çox güclü mübarizə gedir. Xarici ölkələrdən bura bir sıra insanlar gəlir, "halal" standart verib çıxır gedir, sonra heç bir nəzarət olunmur. Biz bu gün xarici ölkələrdə istehsal olunmuş hind toyuğu kolbasaları, toyuq, mal kolbasalarının üzərinə halal yazıldığını görürük. Dediyim kimi, bunun əksriyyətini xristian ölkələr buraxır". 

AİB sədri maraqlı bir təkliflə çıxış edir: "Mən həm komitəyə, həm də Qafqaz Müsəlmanlar İdarəsinə rəsmi məktub ünvanlamışam.  Təklif edirəm ki, şəffaf, ədalətli, tam halallıq prinsiplərinə uyğun gələn hallalıq sertifikatı kollegial şəkildə verilsin. Orda kütləvi informasiya vasitələri iştirak etsin, heç bir əlavə pul tələb olunmasın, yalnız dövlət rüsumu alınsın. O qədər şəffaf mexanizm tərtib etmişəm ki, bu mexanizm əsasında hər bir inancı olan insan məhsulun halal olduğuna əmin ola bilər". 

Qurum sədrinin sözlərinə görə, komitədən ona məlumat verilsə də, QMİ-dən hələ cavab gəlməyib: "Təklifi 1 ay əvvəl vermişəm. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları bu barədə mənlə görüş keçiriblər. Belə bir şəffaf  sertifikat verilməsi üçün iş aparacaqlarını deyiblər. Azad İstehlakçılar Birliyi olaraq o qurumun əsasnaməsini hazırlamağı da öz üzərimə götürmüşəm.  Lakin QMİ-dən heç bir cavab gəlməyib".