Prokurorluq işçilərinin peşə bayramı Masallı rayonunda da qeyd edilib

2 Oktyabr 2014 13:55 (UTC+04:00)

Azərbaycanda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümü qeyd edilir.

Masallı rayonunun Heydər Əliyev Mərkəzində də1 oktyabr – Prokurorluq İşçilərinin Peşə bayramı və milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü təntənəli şəkildə qeyd edilmişdir.

Rayon Prokurorluğunun əməkdaşları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə təzə gül-çiçək dəstələri düzmüş, xatirəsini hörmətlə yad etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov prokurorluq əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının və ictimaiyyətinin nümayəndələrini əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın prokurorluq orqanlarının zəngin tarixi və xalqımız qarşısında xidmətləri barədə danışmışdır.Rafil müəllim qeyd etmişdir ki, bu gün prokurorluq orqanlarının əməkdaşlar Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 96-cı ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin dövlətçilik iradəsilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirib. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında Ümumxalq Referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratmışdır. Prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən təkmilləşdirilərək fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi ilə aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda Heydər Əliyevin  şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu addım prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur. Ulu öndər prokurorluğun Konstitusiya ilə təsbit olunmuş qanuni status və funksiyalarının təmini, eyni zamanda prokurorluq orqanlarında mütərəqqi islahatların aparılması məqsədi ilə təkmil hüquqi bazanın yaradılmasına da qətiyyətlə nail olmuşdur. 1993-cü ildən etibarən respublikada hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənarda qalması, yığılıb qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdı. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə keçid prokurorluğun funksiya və statusuna yenidən baxılmasını zəruri edirdi. 7 dekabr 1999-cu ildə qüvvəyə minmiş "Prokurorluq haqqında" Qanunda prokurorluğun totalitar rejimə xas olan bir sıra funksiyalardan azad olması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulsa da bu islahatlar müəyyən müddətdə lazımi səviyyədə gerçəkləşməmişdir. Yalnız 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün qanunverici əsaslar yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bununla da onun hüquq sistemindəki yeri və rolu daha da güclənmişdir. Bu, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanun yaradıcılığı və vətəndaş quruculuğu prosesində fəal iştirak imkanları yaratmışdır. Müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu görünməyən davamlı proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.  Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 27 sentyabr 2008-ci il tarixli sərəncamla "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir.

Masallı rayon prokuroru Fikrət Əsgərov Azərbaycan prokurorluq orqnanlarının yaranması və inkişafının, müstəqillik dövründə bu orqanın fəaliyyətində ümummilli lider Heydər Əliyevin rolunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızın prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışmış, şərəfli peşə sahiblərinin cəmiyyətdəki rolundan, cinayətkarlığa qarşı aparılan mübarizə işindən söz açmışdır.  

Yığıncaqda Masallı rayon Polis şöbəsinin rəisi Nəriman İmanov, mərkəzi xəstəxananın baş həkimi Cəlil Nəzərov, rayon icra hakimiyyəti başçısının Hişkədərə ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova, rayon veteranlar təşkilatının sədri Məmmədağa Şiriyev  çıxış edərək 1 oktyabr-Prokurorluq İşçilərinin Peşə bayramı münasibətilə rayon prokurorluğunun əməkdaşlarını təbrik etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov Prokurorluq İşçilərinin Peşə bayramı və milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü münasibəti ilə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Masallı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını rayon prokuroru, Baş Ədliyyə müşaviri Fikrət Əsgərova, rayon prokurorluğunun böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünas Elmar Əhmədliyə təqdim etmişdir. Rayonun rəhbəri həmçinin Masallı rayon prokurorunun köməkçisi Tural Nüseyn oğlu Nəbiyevi qiymətli hədiyyə ilə mükafatlandırdı.