Suraxanıda Beynəlxalq Müəllim günü təntənəli qeyd edildi

2 Oktyabr 2014 16:45 (UTC+04:00)

Öncəki illərdə olduğu kimi, Suraxanı rayonunda Beynəlxalq Müəllim günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Beynəlxalq Müəllim günü münasibəti ilə tədbir keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illər ərzində təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilib. Bu uğurlar hər birimizi sevindirir və fərəhləndirir.


Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm həyati əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq olunub.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq olunub. "Qaydalar"da hər bir müəllimin işə ilk dəfə qəbul olunarkən içməli olduğu "Müəllim andı" təsbit olunub.


Dövlət başçısının hər il beynəlxalq müəllim günü ərəfəsində onlarla müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir.


Rayon rəhbəri öz çıxışında Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi vurğulamışdır.


Rayon rəhbəri qeyd etmişdir ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.


İlqar Abbasov vurğulamışdır ki, bu işlər Suraxanı rayonundan da yan keçməyib. Məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülüb. O cümlədən, 1920-ci ildə inşa edilmiş 84 nömrəli məktəbin binası sökülüb və yerində ən müasir standartlara cavab verən 1224 şagird yerlik bina tikilib.


Çox qürur verici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2014-cü il tarixdə rayonumuzu şərəfləndirərək Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni inşa edilmiş binasının açılış mərasimində iştirak etmiş, məktəbin rəmzi açılışını bildirən lenti kəsmiş və məktəbdə yaradılmış şəraitlə tanış olmuşdur.


Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Suraxanı rayonunda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin qazandığı uğurlardan danışdı. Qeyd etdi ki, 84 nömrəli məktəbdən əlavə 2014-cü ildə eyni zamanda 87, 118, 140, 282 nömrəli məktəblər əsaslı təmir olunub, 104, 118, 146 nömrəli məktəblər üçün əlavə korpus tikilib.


Şagirdlərin uğurlarından danışaraq bildirib ki, Bakı məktəblərinin 28 nəfər məzunu qızıl, 1 nəfəri isə gümüş medala layiq görülüb. Onlardan 5-i Suraxanı rayonunun məktəblərinin məzunudur.


Suraxanı rayonu üzrə 2013-2014-cü tədris ilində 1847 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1558 nəfəri ali məktəblərə sənəd vermiş və 983 nəfəri, yəni imtahanda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır.


Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən yuxarı bal toplayan abituriyentimiz 20 nəfərdir.


275 nömrəli məktəbin 9 məzunu, 278 nömrəli məktəbin 8 məzunu, Xarici Dillər Təmayüllü Gimnaziyanın 7 məzunu 600-dən yuxarı bal toplamışdır.


Xarici Dillər Təmayüllü Gimnaziyanın 2013-2014-cü tədris ilində 67 məzunu olmuş, onlardan 64 nəfəri ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş və 53 nəfəri qəbul olunmuşdur. Bu da rayon üzrə ən yüksək nəticədir. Yəni məzunların 79 faizi müsbət nəticə göstərmişdir.


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq sərəncamına əsasən "Sağlam təhsil – sağlam millət" layihəsinə Bakı şəhəri üzrə qoşulan 4 məktəbdən biri Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdir. Məktəb bu layihəyə 2014-2015-ci tədris ilindən başlamışdır.


Ötən tədris ilində şagirdlərlə bağlı görülən tədbirlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi ilə onların Heydər Əliyev mərkəzlərinə seminarlara cəlb olunmasıdır.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə cari ilin fevral-may aylarında dərslər tədris olunmuşdur.


Mərkəzdə eynu zamanda Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2013-2014-cü tədris ilinin sonuna qədər Heydər Əliyev Mərkəzində ayda bir dəfə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər keçirilmişdir. Bu dərslərdə rayonun 9-11-ci sinif şagirdləri iştirak etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulmuş, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılmışlar.


Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Məmmədəli Abbasov, 275 nömrəli məktəbin direktoru Elmira İsmayılova, rayon üzrə TQDK-nın keçirtdiyi test imtahanlarında ən yüksək bal toplayan Gülşən Hacıbalayeva, Səidə Balayeva, Fərid Mahmudov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.


Müəllim günü münasibəti ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup şəxs və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin sədri Arif Xəlilov bir qrup müəllimi Fəxri Fərmanla təltif etdi və pul mükafatı verdi.


Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin təhsil haqqında dediyi sözlərlə yekunlaşdırdı:


"Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır".


Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.