Elm yadplanetlilərin axtarışı üçün yeni üsul kəşf edib

3 Oktyabr 2014 09:00 (UTC+04:00)

Alimlər kainatda şüurlu canlıların tapılmasına ümidlərini itirmirlər. Demək lazımdır ki, kosmosda yadplanetliləri ciddi şəkildə ötən əsrin 70-ci illərindən axtarmağa başlasalar da, hələlik xüsusi uğurlar əldə edilməyib. Indi tədqiqatçılar kosmik fəzanı skanirə etmək qərarına gəliblər. İdeya müəllifləri bildirirlər ki, bu, digər planetlərdən gələn mümkün siqnalları tutmaqda kömək edəcək.

1977-ci il avqustun 15-də yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan SETI proqramının iştirakçıları 72 saniyə davam edən qəribə radiosiqnal tutublar. Onu Ohayo Universitetinin radiorəsədxanası qeydə alıb. Siqnal Qalaktikanın mərkəzindən- Oxatan bürcündən gəlib. Sonralar astronom Cerri Eyman ona "Wow!" adı verib.

Siqnalı məhz Eyman tutub və onun fonunda "Wow!" nidasını yazıb. "Bu, bizim gördüyümüz ən əhəmiyyətli şey oldu"- Eyman bildirib.

Siqnalın şifrəsini altı işarədən ibarət qrup kimi açmaq olar: 6EQUJ5. Onların mənası gizli olsa da, "radioqram" entuziastlar arasında çox böyük canlanmaya səbəb olub, çünki bu, başqa dünyaların sakinlərindən gələn məlumata oxşayırdı. Indi - 37 il sonra bu hadisə başqa planetlərdən olan canlılarla əlaqə yaratmaq üçün ümid mənbəyi kimi qalmaqdadır.

Ohayodakı "Böyük qulaq" adlı teleskop 1965-ci ildən başlayaraq kosmik radiosiqnalların tutulması üçün istifadə edilir. Güman olunurdu ki, o, pulsarlar, kvazarlar və dumanlıqlar kimi obyektlərdən gələn radiodalğalarını tutacaq. Ötən əsrin 70-ci illərində isə onu SETİ proqramına qoşdular.

"Wow!" siqnalı həqiqətən çox qeyri-adi olub. Onun tezliyi 1420,356 meqahers təşkil edib ki, bu da neytral hidrogenin radioxəttinə uyğundur. Ona görə də onu göndərənlərin şüurlu məxluqlar olduğunu istisna etmək olmaz. Bu barədə bir-birindən asılı olmadan Kornel Universitetindən Filipp Morrison və Milli Radiorəsədxanadan Frenk Dreyk də məlumat veriblər.

SETİ-nin saytında deyilir: "Onlar daha inkişaf etmiş sivilizasiya manerasında gənc sivilizasiya (bizim sivilizasiya kimi) ilə əlaqə yaratmağa çalışıblar". "Əgər biz nə vaxtsa yadplanetlilərdən planlaşdırılmış siqnal alsa idik, "Wow!" məhz bizim ümid etdiyimiz və alacağımızı gözlədiyimiz siqnal olub"- daha bir tədqiqatçı Brayan Danninq şərh edib.

Son vaxtlar texnologiyaların inkişafı ilə əlaqədar olaraq yerdənkənar həyatın axtarışına maraq artıb. Bu yaxınlarda SETİ digər planetlərdə həyatın olacağını göstərən siqnalların axtarışının iki yeni metodikasını elan edib.

Panchromatic SETI layihəsində Günəşə nisbətən yaxın məsafələrdə yerləşən 30 ulduzun işığını skanirə etməklə məşğul olan çoxsaylı teleskoplardan istifadə ediləcək. Bu zaman onları müxtəlif işıq diapazonlarında skanirə edəcəklər. Bu yolla bu ulduzların ətrafında dövr edən planetlərin şüurlu sakinlərinin göndərdiyi siqnalların da tutulması istisna deyil.

Hələlik "nəzarət qrupu"na Günəşdən 16 işıq ili məsafədə yerləşən 30 ulduz daxildir. Onlar arasında 13 tək, 7 ikiqat və 1 üçqat ulduz sistemi vardır. Bu ulduzların böyük hissəsi ölçülərinə görə Günəşdən kiçikdir, lakin burada iki ağ cırtdan, eləcə də bir F-tipli ulduz da yer alıb. Yeri gəlmişkən, bu sistemlərin heç birində bir dənə də ekzoplanet aşkar edilməyib. Amma, məlum olduğu kimi, məhz ekzoplanetlərdə həyatın mövcudluğuna daha böyük ehtimallar vardır.

Müşahidələr, xüsusilə Low Frequency Array (LOFAR), Green Bank Telescope (GBT) və Lick Observatory-dəki Nickel Telescope teleskopları vasitəsilə həyata keçiriləcək. Ola bilər ki, bu müşahidələrdə həmçinin Aresibodakı (Pugrto-Riko) William E. Gordon və Mauna Keadakı (Havay adaları) Keck Telescope teleskopları da iştirak edəcək.

Və bu, hələ hamısı deyil. SETİ bir ulduz sistemi hüdudlarında planetdən-planetə ötürülən radiosiqnalları tuta biləcək planetlərarası "dinləmə" proqramını da işə salmağı planlaşdırır. Axı bir ulduz sistemində şüurlu həyatın məskunlaşdığı bir neçə planet ola bilər və onların sakinlərinin bir-biri ilə əlaqələri vardır. Əgər onlar bizimlə əlaqə yaratmağa tələsməsələr və əgər biz onların "söhbətləri"ni "dinləməyə" başlasaq, bəxtimiz daha çox gətirəcək? Bunu demək çətindir.

Bununla belə, alimlər, hər halda, yadplanetlilərin "ekzoplanet" axtarış üsulunu hesabdan silmirlər. Belə ki, Texas Universitetindən (ABŞ) olan fiziklər bu yaxınlarda bəyan ediblər ki, radiodalğalar vasitəsilə ekzopeykləri (ekzoplanetlərin peykləri) aşkar etmək üsulunu tapıblar. Tədqiqatçılar Yupiter və onun peyki İonun maqnit sahələri arasında qarşılıqlı təsir prosesində şüalanan radiodalağaları tədqiq edərək bu düsturları ekzopeyklərdə də istifadə etmək qərarına gəliblər.

Alternativ üsul isə, necə deyərlər, alfven dalğalarıdır (planetin maqnit sahəsinin onun peyki ilə qarşılıqlı təsiri nəticəsində əmələ gələn plazma dalğaları).

Alimlər ekzopeyklərində canlı varlıqların məskunlaşa biləcəyi iki ekzoplanetə- Yerdən təqribən 15 işıq ili məsafədə yerləşən Gliese 876b və Epsilon Eridana b (Yerdən 11 işıq ilinə yaxın məsafədə yerləşir) ekzoplanetlərinə böyük ümidlər bəsləyirlər. Bu planetlərin hər ikisinin qaz nəhəngləri olmasına baxmayaraq, onlar potensial məskunlaşma zonasında yerləşir və buna görə də həyatın, heç olmasa, peyklərdə aşkar ediləcəyinə ümidlər vardır.