Ədliyyə Nazirliyi vakant yerlərlə bağlı müsabiqə elan edib

2 Oktyabr 2014 19:15 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası növbəti müsabiqə elan edib

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarında işləmək istəyən şəxslər üçün sentyabrın 17-dən növbəti müsabiqə elan edib.


ANS PRESS-in məlumatına görə, Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.


Müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini Ədliyyə Nazirliyin inzibati binasına və regional ədliyyə şöbələrinə təqdim edə və ya nazirliyin elektron poçtuna ([email protected]) göndərə bilərlər.


Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az), nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür.


Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.


Həmçinin bildiririk ki, hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.


Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.