Böyüyən narkomaniya problemi

4 Oktyabr 2014 08:17 (UTC+04:00)

Rəsmi statitistik rəqəmlər Azərbaycana son illər üzrə narkomanların sayının artdığnı göstərir. Belə ki, ötən ilin Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31 dekabr tarixə olan məlumatına əsasən, Mərkəzdə 28 min 376 nəfər qeydiyyatda olub. 27 min 910 nəfər isə 2012-ci ilin göstəricisidir. 2011 və 2010-cu illər üzrə isə bu rəqəm müvafiq olaraq 26716 və 25489 nəfər olub. Dinamikadan göründüyü kimi, cari ildə də artımın olması istisna edilmir. Ancaq səbəb və nəticəyə qarşı mübarizə üsulları da artmaqdadır.

Bilindiyi kimi, bu bəla ilə mübarizədə hətta edam, ömürlük həbs hökmü olan ölkələr var. Bu fonda iəs Rusiya hökuməti narkotik vasitələrin daşınması, istifadəsinə görə cəzaların sərtləşdirilməsini təklif edir. Bu, Azərbaycan üçün də keçərli sayıla bilər


Şəmsəddin Əliyev: "Bunu doğuran səbəblər aradan qalxmalıdır"


"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev hesab edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cəzanın sərtləşdirilməsi o qədər əhəmiyyətli olmayacaq: "Çünki, hətta bəzi ölkələrdə edam, ömürlük həbs var. Əsas odur ki, narkotik bazarın bağlanmasına diqqət yönəlməlidir. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 6 maddə var. Amma dinamikada bu faktlar artımla müşahidə edilir və ediləcək. Bunun səbəbləri aradan qaldırılmayana qədər cəzanın sərtləşməsinə lüzum yoxdur. Narkoman da bu ölkənin vətəndaşıdır. O vətəndaşın əgər narkotik maddəyə meyli varsa, onu bu asılılıqdan qurtarmaq lazımdır. Yəni, vətəndaşı cəzaçəkmə məntəqəsində illərlə saxlamaqla xəstəliyi aradan qalxmayacaq. Bunu doğuran səbəblər aradan qalxmalıdır. Bəzən gənclərin asudə vaxtlarını harada, necə keçirmələri ilə bağlı davranışlarına nəzarət edə bilmirlər. Digər səbəb isə, özünü həddi-buluğa çatmış hesab etməkdir. Həmçinin bir fakt odur ki, bəzən narkotik vasitə çox asan şəkildə əldə olunur. Yəni, cəzanın sərtliyindənsə, müalicəyə daha çox üstünlük vermək lazımdır. Statistik rəqəmlərə görə, dünyada 200 milyon narkoman var. Maraqlısı odur ki, artıq qadınları da onlarınarasında görmək mümkündür. Yəni, narkomanlıq feminizmləşir və cavanlaşır".

Ekspert qeyd etdi ki, narkomanlıq mübarizə digər cinayətkarlıqla mübarizədə bir az çətindir: "Burada ictimaiyyət hüquq-mühafizə orqanlarına dəstək verməsə, mübarizə çox çətin olur. Mübarizədə çətinlik həm də onda yaranır ki, bu insanlar həbs olunmasından yayınmaq üçün özlərinin müalicəsinə razılıq vermirlər. Narkomanlıq xəstəlikdir. O, asılılıq yaradır. Bu, sağalmalıdır.

Xüsusi ilə də valideynlər diqqətli olmalıdır".


Elnur Rüstəmov: "Cəzaların sərtləşdirilməsi yaxşı üsul olsa da, məsələnin həlli deyil"


Psixoloq Elnur Rüstəmov da əsas diqqəti sərt cəzaya yönəltmədi: "Cəzaların sərtləşdirilməsi yaxşı üsul olsa da, məsələnin həlli deyil. Çünki, rəsmi qeydiyyatda olmayanlar da var. Yaxşı olardı ki, insanlar maariflənsinlər. Maarifləmə işi gedərsə, narkotikdən istifadə edən insanlar bundan sonra artmayacaq. Bu gün narkotikdən istifadə edənlərdə yaş azalıb. Hətta 16 yaşlı yeniyetmələr də onun qurbanına çevriliblər. Digər bir bəla odur ki, bu gün narkotikdən istifadə edən qadınlarımız da var. Elə ölkələr var ki, orada narkotikin satışı leqaldır. Hətta narkomanlar qeydiyyata alınanda onlar günün müəyyən vaxtı mənqələrə müraciət edirlər. Orada onlara narkotik verildikdən sonra işə gedirlər. Dövlət fikirləşir ki, bu şəxs narkotiki əldə edə bilməsə, oğurluq edəcək. Bu, Hollandiya praktikasıdır".

Psixoloq hesab edir ki, maarifləndirmə işi xüsən orta məktəbdə gücləndirilməlidir: "Nəzərə almaq lazımdır ki, bu gün narkotikə görə həbsxanaya düşənlər islah olunmur. Onlar müalicə alsalar, daha yaxşı olardı. Onlar müalicə olunsalar, yenidən normal cəmiyyətə qayıda bilərlər".


Leyla Yolçuyeva: "Belə insanlarla mübarizə üçün bir qədər yüngül cəzalardan istifadə etmək lazımdır"


Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbərinin müavini Leyla Yolçuyeva da hesab edir ki, cəzaların sərtləşdirilməsinə ehtiyac yoxdur: "Çünki, bu zaman narkomanları bu işdən uzaqlaşdırmaq əvəzinə, onları sıxmış vəziyyətə gətirərik. Ona görə də belə insanlarla mübarizə üçün bir qədər yüngül cəzalardan istifadə etmək lazımdır. Həmin insanlar həbsxanda olanda onların necə müalicə olunduğu üsulları tam bəlli deyil. Odur ki, insanları daha yaxşı maarifləndirmək lazımdır. Cəza sərt olarsa, onun sağalmasına maneçilik etmiş olacağıq. Həm də həmin şəxsi cəmiyyətdən uzaqlaşdırmış oluruq. Daha yaxşı olar ki, həlli yolları axtarılsın. Hər il ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilsə də, təəssüflər olsun ki, istənilən nəticə əldə olunmur. Çünki, maarifləndirmə pərakəndə şəkildə aparılır. Dövlət qurumları və QHT-lər birlikdə mübarizə apararlarsa, istənilən effekt əldə etmək olar".