Ölkədə problemli kreditlərin həcmi artır

4 Oktyabr 2014 14:09 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 938,8 milyon manat olub.

 

Movqe.az publika.az-a istinadən xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% və yaxud 174 milyon manat çoxdur. Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,3%-dən 5,4%-ə qalxıb. Bu da öz növbəsində bir sıra bankların zərərlə işləməsinə gətirib çıxarıb. Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 8-i hesbat dövrünü ziyanla başa vurub. Bu dövrdə bankların mənfəəti 340,05 milyon manat, zərəri isə 42,44 milyon manat olub.

 

Statistikaya əsasən, 36 bankın hər birinin qazancı orta hesabla 9,45 milyon manat olduğu halda, qalan 8 bank orta hesabla 5,31 milyon manat itki ilə üzləşib. Bu ilin yanvar-iyul ayları ilə müqayisədə mənfəət və zərərlə işləyən bankların sayı dəyişməyib. Əvəzində ötən ilin eyni dövründə zərərlə işləyən bankların sayı iki dəfə artıb - ötən ilin yanvar avqust aylarını 4 bank zərərlə başa vurmuşdu. Ötən ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 3 milyon 493 min manat, 1 bank üzrə orta ziyan isə 922 min manat artıb.