Müsavat Partiyasının daha bir sabiq namizədi etirazlarla dolu
təkliflər irəli sürüb.Movqe.az xəbər verir ki, Səxavət Əlisoy
özünün facebook hesabında qeyd edib ki, Müsavat son 22 ildə ilk
dəfə olaraq çox acınacaqlı duruma düşüb və bunu görməmək, sadəcə,
siyasi korluqdur: "Arif Hacılı, saxtakarlığı etiraf et və Müsavatın
parçalanmaması üçün istefa ver!
Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş
saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı
ört-basdır etmək mümkün oldu. Nədən ki, saxtakarlar Başqanın
səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən
yaxalanmışdı".
O əlavə edib ki, yüzlərlə müsavatçı etiraza qalxıb: "VIII
qurultayda səslərin sayılmasına qədər baş verən anormallıqlara
rəğmən bu gün onlarla yox, yüzlərlə müsavatçı etiraz səsini
qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik günü-gündən
şiddətlənir. Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə
dəyib".
S.Əlisoy qeyd edib ki, əslində, bu proses gözlənilən idi: "İllərlə
Müsavat funksionerləri arasında baş verən intriqaların qarşısını
yalnız və yalnız İsa Qəmbər alırdı.
Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda
müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir.
Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi
fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq.
Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında
görürəm
Ortada Müsavatın taleyi dayanır, partiyanın monolitliyi naminə
istefa qaçılmazdır, Arif Hacılı!
Əminəm ki, müsavatçılar toparlanıb tam demokratik, şəffaf yolla
özlərinə yeni başqan (keçmiş namizədlər istisna olmaqla) seçə
bilər. Və bununla da partiya "saxtakarlıq" damğasından xilas
olar".