Artıq bir neçə ildir ki, şagirdlərin attestat qiymətləri ilə ali məktəbə qəbul nəticələri arasında ciddi təzadlar yaşanır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının da nəticələri sübut edir ki, bir bəzi hallarda məktəbi əla qiymətlərlə bitirən abituriyentlər qəbul imtahanında minimum keçid balını belə toplamaqda çətinlik çəkirlər. Bu səbəbdən onların bəziləri heç də istədikləri ixtisas üzrə təhsil ala bilmir. Halbuki, attestatlarında olan qiymətlər tamam fərqli nəticəni üzə çıxarmalı idi. Son tələbəqəbulu da bənzər olayları üzə çıxardı.
Təhsil sahəsi üzrə ekspert Etibar
Əliyev bu vəziyyətin yaranmasında məktəb direktorlarını
günahlandırır. Ekspert Movqe.az-a açıqlamasında bunları bildirib:
"Qiymət şişirdilməsi məsələsi bir neçə tədris ilidir ki, davam
edir. Bunun qarşısını almaq hələlik mümkün deyil. Xüsusilə də
müəyyən maraq çərçivəsində valideynlər bəzi direktorlarla,
müəllimlərlə əlaqəyə girib övladlarının qiymətlərinin yüksək
yazılmasına nail olurlar. Ancaq əgər bu attestat qiymətləri qəbul
posesində heç bir rol oynamırsa, nəyə lazımdır? Müşahidələr
göstərir ki, bu il əlaçı şagirdlərin 40%-i qəbul prosesində lazımi
nəticəni göstərə bilməyiblər. Əgər şagird əlaçıdırsa, ən az
600-dən çox bal toplamalıdır. Düşünürəm ki, məktəblərdə
monitorinqlər aparılmalıdır, gedişat izlənilməlidir. Yəni, şagirdin
gündəlik cavabları, TQDK-nın nəticəsi və yekun qiymətlərin
müqayisəsi aparılmalıdır ki, səbəblər müəyyənləşdirilsin. Müəyyən
təhlillər aparmaq, o təhlillər əsasında qərarlar qəbul etmək
lazımdır. Hesab edirəm ki, burda birmənalı şəkildə günahkar məktəb
direktorlarıdır".
Ekspert qiymətləndiimə məsələsinin xüsusi diqqət tələb etdiyini bildirib: "Nəzərə almaq lazımdır ki, Azərbaycan məktəblərinin əksəriyyətində 10-11-ci sinif şagirlərinin bir çoxu dərslərdən yayınır. Buna baxmayaraq, nədənsə attestat qiymətləri əla olur. Bu məslədə bir paradoks mövcuddur. Ona görə də qiymətləndirmə məsələsinə yenidən qayıtmaq lazımdır. Əgər şagirdin biliyi fənn üzrə "3"dürsə, "3" də yazılmalıdır. Ona "5" yazılanda, şübhəsiz ki, gedib ali məktəbə qəbul imtahanında 200 bal toplayacaq".
Təhsil eksperti Məhərrəm Zülfüqarlı
isə məsələyə fərqli yanaşdı: "Adətən bu mövzudan danışanda ilk
olaraq məktəblər günahlandırılır ki, bəs təhsil səviyyəsi aşağıdır,
bu nəticə də ondandır. Lakin mən burda Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının da müəyyən məsuliyyət daşıdığını düşünürəm. TQDK-nın
hazırladığı testlərin özündə bəzən müəyyən yanlışlıqlar olur. Bəzən
elə testlər salınır ki, onun cavabı dərslikdə olmur, sual tapmaca
xarakteri daşıyır. Mənim fikrimcə, TQDK nisbətən sadə suallar
qoymalıdır. Hələlik isə problemin tam həllini tapa bilməməsi
üzünndən azərbaycanlı tələbələr attestatla gedib Türkiyədə,
Gürcüstanda, Ukraynada istədikləri universitetlərə qəbul olurlar.
Mənim fikrimcə, Azərbaycanda ali məktəblərə qəbulu sadələşdirmək,
bununla bərabər, təhsili gücləndirmək lazımdır ki, heç bir neqativ
hal olmasın. Belə olarsa, orta məktəbi yaxşı qiymətlə bitirən
şagirdlər də öz savadlarını həmin ali məktəblərdə göstərə
bilərlər".