“Elektron hökumət” portalına inteqrasiya olunan e-xidmətlərin sayı açıqlandı
8 Oktyabr 2014 12:37 (UTC+04:00)
"Elektron hökumət" portalı elektron xidmətlərin "bir pəncərə"
prinsipi əsasında təşkilinin təmin edilməsi üçün öz üzərinə düşən
öhdəlikləri mərhələli şəkildə icra edir.
Məlumat Hesablama Mərkəzindən (MHM) Movqe.az-a verilən məlumata görə, hazırda portala 41
qurum üzrə 374 e-xidmət inteqrasiya edilib. Portalın istifadəsini
rahat etmək, eyni zamanda istifadəçilərin irad və təkliflərinin
öyrənilərək nəzərə alınması məqsədi ilə "Mənim xidmətlərim", "Əks
Əlaqə", "Məktub Yaz", "Əlilliyi olan Şəxslər üçün Onlayn Müraciət",
"E-gov Fikir Bankı" kimi istifadəçiyönümlü servislər portalda
əhalinin istifadəsinə verilib. Portal üzərindən təqdim edilən
xidmətlərdən yararlanmaq üçün bir neçə autentifikasiya vasitələri
seçilib və digər vasitələrlə yanaşı, bir qisim istifadəçilər əldə
etdikləri kod-parol vasitəsi ilə portaldan istifadə edirlər.
Bu günə qədər Bakı üzrə 53851 vətəndaş kod-parol əldə ediblər ki,
onlardan 49554-ü onlayn qeydiyyatdan keçib, 4297-i qeydiyyat
mərkəzlərindən kod-parol alıblar. Sumqayıt şəhəri üzrə ümumilikdə
7185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6796-sı onlayn
qeydiyyatdan keçərək kod-parol əldə edib, qalan 389-u qeydiyyat
mərkəzlərindən kod-parol alıblar. Gəncə şəhəri üzrə isə 6671 nəfər
onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat mərkəzlərindən
kod-parol alıblar. Bu günə qədər ümumilikdə, 122701 istifadəçi
qeydiyyatdan keçib, onların 114211 nəfəri onlayn qeydiyyatdan
keçib, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol
alıblar.
Qeyd edək ki, "Elektron hökumət" portalı e-xidmətlərin çeşidinin və
keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, rahat, istifadəçiyönümlü
interfeys əldə etmək üçün hazırda bir sıra innovativ metodlar
üzərində işləməkdə davam edir.