Səhiyyə Nazirliyindən Ebola virusunun Avropaya keçməsi xəbərinə-AÇIQLAMA

8 Oktyabr 2014 16:25 (UTC+04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Ebola virusunun Avropaya gəlib çatması ilə bağlı yaranan narahatçılıqlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında bildirib ki, virusun Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri profilaktik tədbirlər görülüb: "Ebola virusunun Azərbaycana keçməsinin qarşısını almaq məqsədilə bu virusun yayıldığı ölkələrdən gələnlər tibbi müayinədən keçirilir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar yaradılıb və hər hansı hal aşkar olunarsa, virus şübhəli şəxslər oraya yerləşdiriləcək. Səhiyyə Nazirliyi Azərbaycanda Ebola virusuna qarşı bütün hazırlıq işlərini görüb, şübhəli hal aşkar olunarsa, xəstələrin yerləşdirilməsi üçün palatalar, müasir tematik müalicənin aparılması üçün də kifayət qədər dərman var. Bu günə kimi belə bir hal olmayıb və şübhəli bilinən hansısa xəstə həmin palataya yerləşdirilməyib"

Məlumat üçün qeyd edək ki, Ebola dünyanı təşvişə salan təhlükəli virus olsa da, ÜST tərəfindən bu virusun yayılması hələki panepidemiya elan olunmayıb. Xatırladaq ki, Azərbaycanda  səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib. Son məlumatlara görə, ötən ay Sierra Leonedən Madridə gətirilən və 3 gün içində həyatını itirən Ebola xəstəsinin baxıcılarından birində də bu virusu aşkarlanıb. AzNews.az xəbər verir ki, Madriddəki Karlos xəstəxanasında 15 ildən çox işləyən 44 yaşlı qadının Ebola virusuna tutulduğu bu gün səhər edilən qan analizindən sonra dəqiqləşib. Tibb bacısının evli olduğu lakin, övladının olmadığı da söylənilib.Onda xəstəliyin ilk əlamətləri iki həftə əvvəl peyda olsa da o, yalnız hərarəti yüksəldikdən sonra həkimə müraciət edib. Hazırda xəstəxanda xüsusi nəzarətə götürülüb.Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Ebola virusundan 3500 nəfər ölüb. Alimlər ehtiyat edirlər ki, oktyabrın sonunadək virus Fransa və Böyük Britaniyaya da gəlib çıxa bilər.