Azərsu abonentlərinin işini "ASAN"laşdırdı

8 Oktyabr 2014 16:35 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki "ASAN xidmət" mərkəzində "Azərsu" ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, "ASAN xidmət" mərkəzində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:

- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;
- Borc haqqında məlumatın (arayış) verilməsi;
- Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın
verilməsi.
- Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata
keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya
düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda)
- Yeni smart-kartların verilməsi;
- İtirilmiş və ya zədələnmiş smart-kartların bərpası;
- Qeydiyyatda olan və "Azərsu" ASC-nin Abonent bazasında təsdiqini tapmış
məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların
axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi;
- Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni
smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta
köçürülməsi;
- Smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.

Sumqayıt şəhərindəki "ASAN xidmət" mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.

Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzində də "Azərsu" ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, hazırda "Azərsu" ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı "ASAN xidmət" mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə "Azərsu" ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.