Azərbaycandan Ermənistana sərt diplomatik zərbə

9 Oktyabr 2014 08:13 (UTC+04:00)

Azərbaycanın uğurlu xarici siyasəti bu gn rəsmi Bakının dünyanın digər ölkələri ilə olduğu kimi MDB dövlətləri ilə də yüksəksəviyyəli münasibətlərinin formalaşmasına gətirib çıxarıb. Təbii ki, məlum səbəblər üzündən Ermənistan burada istisnalıq təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın MDB məkanında yer alan dövlətlərlə yüksəksəviyyəli münasibətləri Ermənistanın diplomatik müstəvidə sıxışdırılmasında və daha böyük problemlərlə üzləşməsində az rol oynamır.Qeyd olunan xüsusda son dövrlərdə diqqətçəkən məqamlardan biri də Ermənistanın böyük ümidlər bəslədiyi Gömrük İttifaqına üzvlüyünün hələ də böyük sual altında olmasıdır. Xatırladaq ki, hələ cari ilin mayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına qoşulacağı zaman BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunmasının zəruriliyi ilə müraciət edib: "Əgər bütün ticari məsələlər həll olunarsa, onda Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində Gömrük İttifaqına daxil olursunuz". Nazarbayev qeyd edib ki, Azərbaycan tərəfi üç ölkənin prezidentlərinə belə bir tələblə müraciət edib ki, Ermənistan Gömrük İttifaqına bir şərtlə daxil ola bilər ki, Ümumdünya Ticarət Təşkilatının və Gömrük İttifaqının əsasnamələri ölkənin beynəlxalq qanunlarla nəzərdə tutulmuş sərhədləri daxilində qüvvədə olacaq. Buna qədər isə gözlənirdi ki, Gömrük İttifaqı çərçivəsində Qazaxıstan, Rusiya və Belarusa qoşula biləcək ilk ölkə Ermənistan olacaq. Lakin qaldırılan məsələ o zaman Ermənistanın Gömrük İttifaqına üzvlüyünü mümkünsüz etdi. Bundan sonra cari ilin oktyabrında Ermənistanın bu quruma üzv olacağına dair söz-söhbət yayılmağa başladı. Lakin bu məsələ də artıq böyük sual altına düşməyə başlayıb. Çünki, Qazaxıstan və Belarusun Rusiyadan fərqli olaraq oktyabrın 10-da Minskdə Ermənistanın Gömrük İttifaqına üzvlüyünə razılıq verəcəyi inandırıcı görünmür.

Ekspertlər isə hesab edir ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin çoxgedişli, əsası hələ illər əvvəl qoyulmuş mürəkkəb xarici siyasət taktikasının gözlənilən nəticələridir. Məsələ ilə bağlı tanınmış beynəlxlaq nəşrlərdən biri olan "The Diplomat" Ermənistanın üzvlüyünün Azərbaycanın sayəsində növbəti dəfə təxirə düşəcəyini yazır. Öncə qeyd edilir ki, Nursultan Nazarbayev bu ilin may ayında Astanada ittifaqın təsis olunduğu sammitdə gözlənilmədən Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu elan edərək Ermənistanın üzvlüyünü blokladı. "The Diplomat" yazır ki, Ermənistan o vaxtdan bəri Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına üzv olmağa cəhd edir. lakin nəticə uğursuzdur. Dağlıq Qarabağ məsələsi burada əsas rol oynayır. Məsələ bundadır ki, Ermənistanın indiki sərhədləri çərçivəsində Avrasiya İttifaqına üzvlüyü onun Qarabağla sərhədə gömrük postları yerləşdirməsi deməkdir. Ermənistan prezidenti ölkəsinin ittifaqa indiki sərhədləri çərçivəsində daxil olacağını qəbul edir, lakin işğal altındakı Qarabağla sərhədə gömrük postları yerləşdirmək İrəvanın ciddi diplomatik uğursuzluğu olacaq. "The Diplomat"ın yazarı Keysi Mişel qeyd edir ki, diplomatik mənbələr Qazaxıstanın öz mövqeyindən hələ geri çəkilmədiyini xəbər verir. Ermənstanın Gömrük İttifaqına və Avrasiya İttifaqına üzvlüyü məhz bu səbəbdən Moskvanın da cəhdlrinə baxmayaraq bir-birinin ardınca təxirə düşür. Nəşrin yazdığına görə, sentyabrın sonlarında belə xəbərlər yayıldı ki, Ermənistan Qazaxıstanın təzyiqlərinə boyun əyməli olub və Dağlıq Qarabağı rəsmən Avrasiya İttifaqının hüdudları xaricində buraxmağa razılaşıb. Bu, nəinki rəsmi İrəvanın əvvəlki mövqeyinə ziddir, eyni zamanda onun böyük məğlubiyyətidir.

Bundan əlavə, Ermənistanın bu şərti qəbul etməsi Moskvanı da qane etmir. Rəsmi Moskva dəfələrlə bildirmişdi ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə Dağlıq Qarabağ məsələsi arasında heç bir əlaqə mövcud deyil. Ermənistan hökumətinin Avrasiya İttifaqına üzvlük barədə sənəddə Dağlıq Qarabağla sərhədə gömrük postları yerləşdiriləcəyinə yer verdiyi üzə çıxandan sonra Xankəndindəki separatçılar elan etdilər ki, bu, mümkün olmayan işdir. Məsələ həllini tapmadığından Putinin Avrasiya İttifaqını Ermənistanın hesabına genişləndirmək cəhdləri növbəti dəfə Minskdə təxirə düşəcək. Ekspertlər isə bildirir ki, Minskdə Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə qarşı təkcə Qazaxıstan çıxmayacaq. Belarus prezidenti Aleksandr Lukaşenko da eyni mövqeni bölüşür. Azərbaycanla yüksək münasibətlərin formalaşması da Minski bu addımı atmağa vadar edir. Aleksandr Lukaşenko etiarf edir ki, Azərbaycan heç vaxt Belarusu dar gündə atmayıb: "Azərbaycan çətin anlarda hər zaman yanımızda olub". Lukaşenko xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bildirib ki, iki ölkə arasında əlaqələr yüksək inkişaf səviyyəsindədir, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var: "Belarus və Azərbaycan dost ölkədir. İki ölkənin münasibətlərində gizli məqamlar yoxdur. Bizim Azərbaycanla çox sıx dostluq və əməkdaşlıq əlaqələrimiz var və başqa cür də ola bilməz". Erməni şərhçi Akop Badalyanın yazdığına görə, oktyabrın 10-da Minskdə keçiriləcək sammitdə Ermənistanın Avrasiya İttifaqına üzv olması niyyəti baş tutmayacaq və məsələ Azərbaycan XİN başçısı Elman Məmmədyarovun Lukaşenko ilə anlaşmasından qaynaqlanır. Şərhçinin iddiasına görə, Lukaşenko onu qəbul edərək söz verib ki, Azərbaycanı bütün mümkün və qeyri-mümkün üsullardan istifadə edəcək:: "Yəqin ki, Ermənistanın İttifaqa daxil olması məsələsi də istisna olmayacaq. Ona görə də oktyabrın 10-da Minskdə sammitin necə cərəyan edəcəyini təsəvvür etmək çətin deyil. Təxminən 29 may ssenarisi təkrar olunacaq".

Qeyd edək ki, oktyabrın 10-da Minskdə keçiriləcək MDB, eyni zamanda KTMT və Avrasiya İttifaqı sammitləri ərəfəsində xarici işlər naziri Elmar Məmmədyarovu Minskə ezam edib. İstisna deyil ki, xarici işlər naziri Lukaşenko ilə görüşdə Ermənistanın Gömrük İttifaqına üzvlüyünü də müzakirə edib və bunun Ermənistanın BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində olmasının mümkünlüyü diqqətə çatdırılıb. Lukaşenkonun da bununla razılaşması heç bir şübhə doğurmur. Beləliklə, Ermənistanın Gömrük İttifaqına üzvlüyü yenidən təxiər düşür və bu, düşmən üzərində Azərbaycanın yeni böyük diplomatik qələbəsi kimi də qəbul olunmalıdır.