Həftənin cəmi 4 günü iş olacaq…

9 Oktyabr 2014 08:27 (UTC+04:00)

Beynəlxalq Əmək Təşkilatı (BƏT) olduqca maraqlı bir təkliflə çıxış edib. Təşkilat daha səmərəli nəticələr əldə olunması üçün həftədə dördgünlük iş rejiminin tətbiqini zəruri sayır. BƏT təmsilçisi Con Messencer dördgünlük iş həftəsinə keçməyə bir neçə əsasla izah etməyə çalışıb. Onun sözlərinə görə, dördgünlük iş rejimi emal işlərinin sağlamlığına, iş yerlərinin sayca artırmına, işdə az vaxt keçirən insanların özünü daha xoşbəxt hiss etməsi və daha məhsuldar çalışmasına şərait yaradır. Onun fikrincə, dördgünlük iş həftəsinə keçid həmçinin, ətraf mühitə daha yaxşı təsir göstərəcək, enerjiyə qənaət imkanı yaradacaq. Artıq bu təklifə bəzi böyük şirkətlərin, o cümlədən "Google"un dəstək verdiyi barədə məlumatlar var. Mütəxəssislər BƏT-in təklifini ölkəmiz üçün fərqli prizmadan dəyərləndirir

Menecer Yusif Vəliyev bildirir ki, təklif Azərbaycan üçün o qədər uğurlu görünmür: "Bu gün Azərbaycanda həftədə 5 günlük iş rejimiolsa da, bəzi yerlərdə 6 günlükdür. Həmin işlərin isə 4 gün ərzində tam yerinə yetirilə biləcəyi sual altındadır. Digər tərəfdən, Azərbaycanda tətil günləri də digər ölkələrədən kifayət qədər çoxdur. Odur ki, məsələyə yalnız orada göstərilən aspektlərdən baxmaq lazım deyil. Bankların işləmə rejimi, aparılan əməliyyatlar və s. var. Ona görə də təklifin real olacağı inandırıcı deyil. Amma təklif əsasən, aşağı kateqoriyalı işçi qüvvələrinə şamil oluna bilər. Heç bunun da Azərbaycan şəraitində reallaşacağı məqbul görünmür. Mütəxəssislər, menecerlər, rəhbərlər üçün 4 günlük iş rejimi ilə məqsədə çatmaq mümkün deyil. Hətta 5 günlük iş rejimində belə qarşıya qoyulan hədəflərə çatmaq asan olmur".

Ekspertin fikrincə, söylənilən təklif dünyanın inkişaf etmiş ölkələri üçün məqbul sayıla bilər: "İqtisadi baxımdan inkişafda olan ölkələrdə təklifin reallaşacağı mümkün görünmür. Təklif veriləndə yalnız bir neçə prizmadan baxılıb. Ekologiya, enerjiyə qənaət, işçi qüvvəsinin işə daha çox motivivasiya olunması, daha az çalışması baxımından yanaşılıb. Amma nəzərə alaq ki, maaş alanlardan başqa maaş verənlər də var. Ona görə də bu, heç də müsbət addım olamayacaq. Təklif yalnız bir neçə arqument əsasında yaxşı görünə bilər. İşin biznes tərəfləri də var ki, o baxımdan bu, real təklif deyil. Hətta inkişaf etmiş ölkələr üçün böyük problemə çevrilə bilər".

Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov bildirir ki, istehsalın, xidmətin müəyyən sahələrində buna keçmək olar: "Çünki, bəzi sahələrdə iş gününün azalmasına baxmayaraq, faydalı iş əmsalı artar. İstənilən ölkə beynəlxalq standartları pozmadan iş rejimi ilə bağlı istədiyi qanunu qəbul etməkdə azaddır. Azərbaycan Konstitusiyasına görə, həftə ərzində iş saatı 40-ı keçməməlidir. Ancaq ölkəmizdə Beynəlxalq Əmək Təşkilatının bu təklifinin tezliklə reallaşacağını gözləmirəm. Çünki, 4 günlük iş həftəsinə keçid çətin prosesdir. Azərbaycanın əmək münasibətlərində Avropa standartlarını yox, Beynəlxalq Əmək Təşkilatının standartları əsas götürülür. Düzdür, Avropa Sosial Xartiyasının bir hissəsini ratifikasiya etmişik. Lakin iş rejimi, məzuniyyətlə bağlı məsələlərdə Avropadan uzağıq. Biznes strukturları isə öz iş rejimini buna uyğun qurarsa, heç kim onlara qadağan edə bilməz. Bunun üçün heç beynəlxalq standartları dəyişməyə ehtiyac yoxdur. Əmək Məcəlləsində də bunu qadağan edən hər hansı müddəa yoxdur".

Hüquqşünas hesab edir ki, təklifin ölkəmizdə yaxın 10-15 ildə özünə böyük dəstək qazanması inandırıcı görünmür: "Avropa özü də hələ 4 günlük iş həftəsinə keçməyə özünü hazır bilmir. Orda elə ölkələr var ki, hətta 6 günlük iş rejimi də var. Bizdə isə qarışıqdır: 5 günlük və 6 günlük".