Türkiyə İŞİD-i Azərbaycanla birlikdə əzəcək

9 Oktyabr 2014 08:31 (UTC+04:00)

Bir neçə gündür Türkiyə ilə sərhəddəki Suriya şəhəri Kobaniyə hücum edən İŞİD bir neçə gündür şəhərdə bayraqlarını dalğalandırır. Bu günlər ərzində Türkiyə ilə sərhəddə də gərgin anlar yaşanıb. İŞİD növbəti hədəfinin Türkiyə olduğunu bəyan edib. Buna görə Türkiyə oktyabrın 6-da sərhədin bu qəsəbəyə yaxın ərazilərinə çoxsaylı tanklar çıxarıb. Hazırda Suriya ilə sərhəddə tanklardan divar çəkilib. Çoxlu sayda tank və zirehli texnika sərhədə yaxın təpələrdə mövqe tutub. Bölgəyə əlavə qüvvələrin cəmləşdirilməsi davam edir.

Bu arada yayılan məlumata görə, artıq üç həftədir davam edən qarşıdurmalardan sonra İŞİD Kobaninin girişinədək geri çəkilməyə başlayıb. Üçgün əvvəl Kobanidə bayraq dalğalandıran İŞİD ABŞ bombalarından sonra ciddi itki verməyə başlayıb. Kobani bölgəsinin xarici işlər nazirinin müavini İdris Nassa "Reuters"ə verdiyi məlumatda İŞİD-in şəhərin girişindən geriyə doğru çəkildiyini bildirib: "ABŞ-ın bombardmanı təsirli oldu və İŞİD bir çox nöqtədə darmadağın edildi. Bu, onların şəhərə girdikləri gündən bu yana ən böyük itkisi oldu. Bunu İŞİD-in bölgədən tamamilə geri çəkilməsinin başlanğıcı kimi qəbul etmək olar". Lakin İŞİD-in burada yenidən möhkəmlənərək Türkiyəyə hücumu tam gözləniləndir. Yəni, Türkiyənin müharibəyə qatılması an məsələsidir.

Baş verə biləcək Türkiyə-İŞİD qarşıdurmasının diqqətçəkən məqamı həm də Azərbaycanın Türkiyəyə necə dəstək verməsi məsələsidir. Mütəffiq olsaq da, bu məsələ fikirlər yekdil deyil. Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov İŞİD Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı təhlükəsizlik müqavilələri buna imkan verir: "Lakin Türkiyə hələ ki İŞİD-ə qarşı müharibəyə başlamayıb. Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var ki, Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər"

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl isə qəzetimizə bildirdi ki, Türkiyə İŞİD-ə qarşı mübarizə şərtlərini açıqlayıb: "Baş nazir Əhməd Davudoğlunun sözlərinə görə, əgər Bəşər Əsəd rejimi dəyişəcəksə, Türkiyə bütün gücü ilə İŞİD və digər qruplaşmalara qarşı mübarizə etməyə hazırdır. Ümumiyyətlə, İŞİD tərəfindən Türkiyəyə qarşı hansısa müdaxilə olarsa, Türkiyə mübarizə aparacaq. NATO-nun baş katibi də NATO-nun Türkiyəni müdafiə edəcəyini bildirdi. Yəni, Türkiyə İŞİD-ə qarşı konkret olaraq mövqeyini bildirib. Onsuz da İŞİD-ə qarşı koalisiyada Türkiyə rəsmən var. Amma aktiv mübarizədə yoxdur. Hansısa müdaxilə olarsa, aktiv mübarizəyə qoşulacaq".

Ekspert ola biləcək Türkiyə-İŞİD qarşıdurmasında Azərbaycanın dəstək vermə məsələsinə də toxundu: "Türkiyə PKK-a qarşı da mübarizə aparır. Amma Türkiyə ilə mütəffiqik deyə, PKK ilə mübarizə aparmağımız düzgün deyil. Çünki, bu, Türkiyənin daxili işidir. İŞİD-ə qarşı mübarizədə isə mütəffiq kimi yox, Azərbaycan terrorizmə qarşı mübarizə aparan dövlət olaraq koalisiyaya qoşula bilər. Amma məhz Türkiyə ərazisinə müdaxiləyə görə İŞİD-ə qarşı mübarizəyə başlamağımız düzgün olmazdı".

NATO Əməkdaşlıq İnstitunun rəhbəri Fərrux Məmmədov bildirdi ki, bizi narahat edən əsas məsələ İŞİD-in Türkiyəyə qarşı atacağı addımdır: "Əgər İŞİD Türkiyəni açıq şəkildə təhdid edərsə, Türkiyənin müdaxiləsi qaçılmazdır. Hələ bir ay öncə Qərb və ABŞ Türkiyəni İŞİD-lə bağlı xəbərdarlıq etmişdilər. Türkiyə isə İŞİD-i ciddiyə almamışdı. Mosul işğal olunmamışdan öncə Türkiyə dövlətinə NATO və ABŞ tərəfindən xəbərdarlıq edildi və kəşfiyyat materialları təqdim edilmişdi. Hətta Türkiyə Konsulluğunun boşaldılması söylənilmişdi. Türkiyə isə xəbərdalığı ciddiyə almadı və proses diplomatlarının girov götürülməsi ilə nəticələnmişdi. Buna baxmayaraq, Avropa hazırda müdaxilə planı üzrə danışıqlar aparır. Burada Türkiyənin də rolu böyükdür. Çünki, Türkiyə NATO ölkəsidir. Əgər İŞİD tərəfindən açıqca hücum olarsa, Türkiyə NATO ölkəsi olduğu üçün 5-ci madde üzrə İŞİD ilə mübarizədə NATO bir başa iştirak edəcək".

Ekspert onu da qeyd etdi ki, bu gün Türkiyənin Suriyadan və İraqdan gələn qçqınlara qapısını açması Türkiyə daxilində sabahki problemlərdən xəbər verir: "Qonşu dövlətləri ilə müharibəyə getməsi ölkənin təhlükəsizliyini sual altına qoyur".

Azərbaycanın dəstəyinə gəlincə isə, Fərrux Məmmədov bildirdi ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: "Onların təhlükəsizliyi bizim üçün də önəmli məsələdir. Əgər Türkiyə ilə İŞİD açıq savaşa başlasa, Türkiyəyə dəstəyimiz mütləq olmalıdır".