Bu gün Ümumdünya Poçt Günüdür

9 Oktyabr 2014 10:00 (UTC+04:00)
Bu gün - 9 oktyabr dünyada "Ümumdünya Poçt Günü" kimi qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan "Bern sazişi" imzalanıb.
1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılır. Hal-hazırda ÜPİ-nin tərkibində 189-dan çox ölkə var. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- "Beynəlxalq məktub həftəsi" adı altında keçirilir.

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-də çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7% kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil edib.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq müharibə illərində poçt işçiləri öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 1945-ci ildə Bakıda beynəlxalq Poçt Ekspedisiyası təşkil edilmişdir. Bu tədbir beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb.

1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 mln. təşkil etmiş, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km., avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km. təşkil edib.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib.

Müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşayıb. Lakin 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Poçt Rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları nəticəsində Poçt Rabitəsinin inkişafına start verildi. 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olundu, dekabr ayında isə "1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edildi. 2000-ci ildən etibarən Poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başladı.

Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə milli "Poçt Rabitəsi qaydaları" hazırlanaraq təsdiq edildi. 2004-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilk dəfə "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalanması Poçt rabitəsinin inkişafını daha da sürətləndirdi.

Azərbaycanın Milli poçt operatoru "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.

Respublikada vahid dövlət poçt operatoru olan "Azərpoçt" MMC ilə yanaşı digər 33 özəl poçt operatorları da, hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərirlər.

Azərbaycan poçt administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), "Azərpoçt" MMC-nin filialı olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilmişdir.

Azərbaycan poçtu ən böyük uğurlarından biri kimi ÜPİ-nin 24-cü Konqrensdə ilk dəfə olaraq bu təşkilatın iki Orqanına-Administrativ Şuraya və Poçt İstismarı Şurasına üzv seçilmişdir.

"Azərpoçt" MMC-nin beynəlxalq sahədəki növbəti uğurlarından biri kimi Ümumdünya Poçt İttifaqının EMS Kooperativi tərəfindən dünyanın 160-dan artıq poçt operatorları arasında sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 5-ci dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.