`Oğlum, Bakıda çox qalma` - Dilqəm Əsgərov
9 Oktyabr 2014 10:40 (UTC+04:00)
Ermənilərin Qarabağda girov saxladığı Rusiya vətəndaşı Dilqəm
Əsgərovun ailəsinə göndərdiyi məktubun məzmunu məlum olub. Məktubda
D.Əsgərov əsasən oğluna müraciət edib.
Girovun oğlu Kürdoğlu Əsgərovun ANS PRESS-ə bildirdiyinə görə,
D.Əsgərov vəziyyətinin yaxşı olduğunu yazır.
"Kürdoğlu, salam. Məndən nigaran qalmayın. Oğlum, Bakıda çox qalma.
Yerim istidir. Gündə 3 dəfə yemək verirlər. Heç bir problem
yoxdur", deyə Dilqəm Əsgərov məktubunda yazır.
K.Əsgərov isə atasının məktubunda yazılanların həqiqətə uyğun
olmadığını dedi. Onun sözlərinə görə, D.Əsgərovu məktubu bu formada
yazmağa məcbur edirlər. O, atasının vəziyyətinin yaxşı olmadığını
deyir.
"Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişəm.
Demişəm ki, mənə atamın videosunu gətirsinlər. Orada necə
danışdığını görüm. Onda inanaram ki, vəziyyəti yaxşıdır.
Gətirdikləri isə sadəcə kağız parçasıdır", deyə K.Əsgərov
bildirdi.
Qeyd edək ki, oktyabrın 6-da Beynəlxalq Qırmızı Xaç Komitəsi
nümayəndələri Qarabağda girov saxlanılan azərbaycanlılara baş
çəkib.
Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına
səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz
Quliyevi girov götürüb. Qondarma Dağlı Qarabağ Respublikasında
qurulan məhkəmədə isə həmyerlilərimiz ittiham olunacaq.
Öz torpaqlarında işğalçılar tərəfindən məhkəməyə çaxarılması
planlaşdırılan azərbaycanlılar müxtəlif cinayətlər törətməkdə
günahlandırılır. Məhkəmə prosesinin vaxtı tam dəqiqləşməsə də,
yaxın günlərdə baş tutması gözlənilir.