“Xalq kompüteri” layihəsi çərçivəsində 24100 ədəd kompüter satılıb
9 Oktyabr 2014 11:30 (UTC+04:00)
"Xalq kompüteri" layihəsinə maraq artıb. Movqe.az xəbər verir ki,
indiyədək layihə çərçivəsində əldə olunan kompüterlərin sayı 24100
ədədə çatıb. "Hər ailə üçün kompüter" şüarı altında həyata
keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar
lisenziyalı proqram təminatına malikdir və mövcud bazar
qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə
faizsiz kreditlə satılır.
"Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycan orta
məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və
təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı
əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin
imkanlarından yararlana biləcəklər. Xatırladaq ki, Rabitə və Yüksək
Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan
layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir,
təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata
keçirilir.