Bank sektorunda bitməyən təhdid

10 Oktyabr 2014 08:12 (UTC+04:00)

Bank sektorunda son vəziyyətin təhlili burada hələ də həllini gözləyən ciddi problemlərin olduğunu üzə çıxarır. Söhbət bir sıra bankların nizamnamə kapitallarını ilin sonuna kimi 50 milyon manata çatdıra bilməyəcəklərinin artıq qaçılmaz olmasından və problemli kreditlərin miqdarının artmasından gedir. Cari ilin yanvar-avqust aylarının yekunlarına görə isə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 938,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% və yaxud 174 milyon manat çoxdur. Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,3%-dən 5,4%-ə qalxıb. Onu da bildirək ki, hazırda 8 bank zərərlə işləyir.

Bu il kredit verilməsi şərtlərinə dəyişikliyin edilməsinə baxmayaraq, hələ də ölkədə kredit götürənlərin sayında azalmalar müşahidə edilmir. Məlumatlara görə, Azərbaycanda kredit alanların sayı 2,2 milyona yaxınlaşır. Bununla yanaşı, zaminlərin də sayında artımların olduğu bildirilir. Rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir. Kredit götürənlər arasında isə həmişəki kimi fiziki şəxslər daha çox üstünlük təşkil edir. İlkin sırada gələn kreditin növündə də dəyişmə yoxdur. Yenə də istehlak kreditinə üz tutanlar çoxdur. 2014-cü ilin yanvar-avqust aylarında ölkə bankları verdikləri istehlak kreditlərinin həcmini keçən ilin uyğun dövrünə nisbətən 27,46 faiz artırıblar.

Bu müddət ərzində bankların verdikləri istehlak kreditlərinin ümumi kredit çantasında payı da xeyli artıb. Bu göstərici 2013-cü ilin yanvar-avqust aylarında 38,55 faiz təşkil etmişdi və verilən istehlak kreditləri 5 milyard 572,6 milyon manat təşkil etmişdi. Amma 2014-cü ilin yanvar-avqust aylarında bu göstərici 7 milyard 102,9 milyon manata qalxıb və istehlak kreditlərinin ümumi kredit çantasında payı 41 faizə yüksəlib.

Baş verənləri şərh edən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edir ki, problemli kredit həcminin artması birmənalı şəkildə bank sektoruna mənfi təsir göstərir: "Qanunvericiliyə əsasən, kreditlərin geri qaytarılması ilə bağlı qısa müddət ərzində ödəmə zamanı problem olarsa və ya yubanarsa, avtomatik olaraq problemli və geri qaytarılmayan kredit kimi qruplaşdırır. Nəticədə məlum olub ki, 1 milyard manata yaxın olan bu kreditlər ən azı 3 ay müddətində yubanma ilə ortaya çıxan problemli kreditlərdir. Kommersiya bankları kredit verən zaman ödəmə qabilliyətini yoxlamırlar. Nəticədə bir banka borcu olan vətəndaş başqa bankdan da kredit götürür və ya götürə bilir. Hətta bəzi hallarda vətəndaş banka üçüncü kredit üçün belə müraciət edir. Belə olduqda isə dördüncü bankdan kredit götürmək imkanı olmadığına görə, bu da kreditin ölməsinə gətirib çıxarır. Əslində, bu gün kommersiya üzrə mərkəzləşdirilmiş bazaya müraciət edərək kreditin verilməməsi ilə bağlı qərar qəbul etmək olar. Təəssüf ki, bu edilmir. Hətta borcu olanlara belə kredit verilir. Bu, birinci və əsas səbəbdir. İkinci səbəb, kreditlə bağlı faiz göstəricilərinin artması və həddən artıq yüksək olmasıdır. Bəzi hallarda kredit vətəndaşa orta kredit faizi göstəricisi 25% olduğu halda, 37% təklif olunur. Bu da təbii k, problemli kreditlərin yaranmasına gətirib çıxarır. Üçüncüsü isə, təəssüf ki, bankların qısa müddətdə daha çox gəlir əldə etmək istəməsi ilə bağlıdır. Yaxşı olardı ki, kredit vətəndaşa çox vacib hallarda verilsin".

Ekspert hesab edir ki, problemi aradan qaldırmaq üçün Mərkəzi Bank yüksək kreditlərin normasına yenidən baxmalı və ehtiyat normasını daha da ağırlaşdırmalıdır ki, kommersiya bankları yüksək kreditləri verməkdə maraqlı olmasınlar. Eyni zamanda faiz dərəcələrinin azaldılması çox vacibdir. Hələlik isə banklar isə adamları istehlak kreditinə cəlb etmək üçün hələ də hər üsuldan istifadə edirlər. Bu səbəbdən indi elə alilələr var ki, ildə 10 min manatdan çox kredit verir. Özü də belələrinin sayı artır.