Azərbaycanın bəzi ərazilərində fərdi ovçuluq təsərrüfatlarının yaradılmasına qadağa qoyulur

9 Oktyabr 2014 20:20 (UTC+04:00)

Azərbaycanda dövlət təbiət qoruqlarından və milli parklardan 5 kilometrdən az məsafədə olan ərazidə fərdi ovçuluq təsərrüfatlarının təşkili qadağan edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilmiş "Ovçuluq haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihəyə daxil edilib.

Qanuna edilməsi nəzərdə tutulan yeni əlavəyə görə, hüquqi və fiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatları təşkil edə bilərlər. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuluq turizmi ilə məşğul olanlar üçün müvafiq infrastrukturun yaradılmasını, dövlət ov fondunun səmərəli istifadəsini, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini təmin etməlidir.

Layihədə daha bir qadağanın tətbiqi də nəzərdə tutulur. Qeyd edilir ki, fərdi ovçuluq təsərrüfatlarının ərazilərinin bir hissəsi vəhşi heyvanlarıın yetişdirilməsi və mühafizəsi üçün ayrıla bilər, lakin həmin ərazilərdə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.