Avropa mətbuatı: “Sanksiyalar Putini gücləndirir”

9 Oktyabr 2014 19:36 (UTC+04:00)

"Rusiya prezidenti Ukrayna böhranı, Qərbin sanksiyaları və Moskvanın cavab tədbirləri fonunda öz ölkəsinin vətəndaşlarının çox böyük dəstəyini qazanır və Qərbin təzyiqini böyük uğurla dəf edir".

Movqe.az RİA Novosti-yə istinadla bildirir ki, bu fikri "The Fortune" nəşrinin şərhçisi Vivyen Uolt qələmə alıb. Onun fikrincə, əgər sanksiyalar götürülməsə və Rusiya çətin dövrü adlaya bilsə, Vladimir Putin ölkənin maraqlarını müdafiə etməyi bacardığını bir daha sübut etmiş olacaq. Və bütün bunlar onu göstərir ki, hazırkı böhran Rusiya liderini daha da gücləndirə bilər:

"Rusiya və ABŞ prezidentləri artıq əllərini nüvə düymələrindən çəksələr də, Rusiya-Amerika münasibətindəki gərginlik çoxmilyardlı kontraktları təhlükə altında qoya, çoxlu sayda Amerika şirkətlərinin gəlirlərini zərbə altına sala, eləcə də, ikitərəfli işgüzar əlaqələrin vaxtından əvvəl yarımçıq kəsilməsinə səbəb olar bilər.

"Sanksiyalar müharibəsi" hər iki tərəfə mənfi təsir göstərir. Bu səbəbdən də Rusiya sanksiyaların çox davam etməyəcəyini güman edir və onların haqlı olduqları da istisna deyil. Anti-Rusiya tədbirlərində, xüsusilə də Avropanın Rusiya qazına olan tələbatını nəzərə alsaq, ABŞ və AB arasında yekdil fikir yoxdur", - deyə məqalə müəllifi xüsusi vurğu ilə qeyd edir.

Rusiya siyasətçilərinin də əksəriyyəti hesab edir ki, çətin dövrün öhdəsindən gəlməyə hazırdırlar. Rusiyada vəziyyətin pisləşməsinin qarşısını almaq üçün Çin, Fars körfəzi ölkələri və digər dövlətlərlə birgə layihələr planlaşdırılır, eyni zamanda Qərbdən asılılığı minimuma endirmək üçün daxili istehsalatı inkişaf etdirmək nəzərdə tutulur.