Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına verildi

9 Oktyabr 2014 19:25 (UTC+04:00)

Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısı Patrik Modianoya verilib.

69 yaşlı yazıçı indiyə kimi 30-dək kitab yazıb. Bunların çoxu sadə dildə yazılan 120-150 səhifəlik kiçikhəcmli romanlardır. Onun əsas mövzuları kimlik axtarışı, vaxt, yaddaşdır. Bu axtarış daha çox qəhrəmanların həyat yollarını yenidən təftiş etmək yolu, xatirələr vasitəsilə baş verir.


Qalibi elan edən İsveç Akademiyasının daimi katibi Peter Englund jurnalistlərin suallarına cavab verərkən yazıçının "İtmiş adamlar" romanını oxumağı tövsiyə edib. Roman yaddaşını itirmiş detektiv haqqındadır. O, özünün kimliyini xatırlamaq, tapmaq üçün təhqiqata başlayır.


Patrik Modiano Parisdə yaşayır. Fransada yaxşı tanınsa da, dünyanın elə də çox dilinə tərcümə edilməyib. Onun "Kiçik möcüzə", "Qaranlıq köşklər küçəsi" romanları rus dilinə tərcümə olunub.


P.Modiano bundan əvvəl Avstriyanın "Avropa Ədəbiyyatı" Dövlət Mükafatına (2012), Fransanın ən nüfuzlu ədəbi ödülü olan Goncourt Mükafatına (1978) da layiq görülüb. 


Nobel Mükafatının dəyəri 1,2 milyon dollardır. Təqdimat mərasimi bu ilin dekabrlnda Stokholmda olacaq.


Xatırladaq ki, P.Modiano imkanlı ailədə doğulub. Atası tacir nəslindən olan yəhudi əsilli kommersant olub. O, əvvəl Toskanada, sonra isə Salonikidə yaşayıb. Anası flamand aktrisası olub. Onlar 1942-ci ildə nasistlərin işğalı altında olan Parisdə tanış olublar. 1944-cü ildə ailə qurublar. 


P.Modianonun ilk romanı olan "Ulduz meydanı" 1968-ci ildə çap edilib. Dərhal da müəllifə Fransada məşhurluq gətirib. Bütün əsərləri avtobioqrafikdir və bir çoxu Fransanın işğalı haqqındadır. 


P.Modiano ailəlidir, iki qızı var. O, 2000-ci ildə Cannes Festivalının münsifi olub. Əsərləri əsasında filmlər çəkilib.