Qazaxlar Nazarbayevi Ayda dəfn etmək istəyir

9 Oktyabr 2014 20:37 (UTC+04:00)

Qazaxıstan Müsəlmanları İttifaqı və Mərkəzi Asiyanın İnsan Haqları üzrə Müsəlman Komitəsi maraqlı təkliflə çıxış edib. Bu iki qurum Qazaxıstanın baş naziri Kərim Məsimovun Astana və Akmola vilayətlərinin rəhbərlərinə milli panteon (sərdabə) üçün yer seçmək barədəki tapşırığına münasibət bildirərkən bəyan ediblər ki, həmin milli qüdsiyyət Ayda yerləşdirilməlidir.Movqe.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, adıçəkilən hər iki vilayətin rəhbəri müqəddəs panteonun Ayda yerləşdirilməsi bütün bəşəriyyətə məşhur və görkəmli qazaxların məzarını görmək və onu virtual olaraq ziyarət etmək imkanı verəcək.

İdeya müəllifləri hesab edir ki, görkəmli qazaxların nəşi mütləq təmiz mühitdə uyumalıdır. Yer kürəsində ekoloji çirklənmənin səviyyəsi yüksək olduğu üçün qazaxların milli panteonunu Ayda yerləşdirmək daha məqsədəuyğundur.

Təklifi irəli sürən şəxslər belə hesab edirlər ki, Ayda atmosfer təbəqəsinin olmaması cəsədin bioloji çürüməsinin qarşısını alan vacib amildir. Bu da cəsədin milyonlarla il ərzində təzə qalması deməkdir. İdeya müəlliflərinin fikrincə, bəşəriyyət elmin-texnikanın inkişafı sayəsində elə bir həddə gəlib çatacaq ki, artıq ölüləri də dirildə və onları yenidən Yerə qaytara bilər.