Orqan transplantasiyasının qarşısını alan səbəblər məlum oldu

10 Oktyabr 2014 11:30 (UTC+04:00)

Bu gün dünyanın bir çox ölkələrində ölmüş insanların sağlam orqanlarından istifadə olunması, ehtiyacı olan şəxslərə köçürülməsi həyata keçirilir. Eləcə də orqan nəqlinə ölənin yaxınları da icazə verə bilir. Qeyd olunduğu kimi, bu, dünyada yayılan tendensiyadır, lakin, ölkəmizdə həyata keçirilmir. Belə ki, vəfat etmiş şəxsin orqanının təcili ehtiyacı olan hansısa xəstəyə köçürülməsini tənzimləyən hansısa normatik akt, qanunvericilik bazası mövcud deyil. Bu gün orqan transplantasiyası əksər Qərb ölkələrində tibbi xidmətin ayrılmaz bir atributuna çevrilib. Böyrək, qaraciyər, mədəaltı vəzi, ürək, ağciyərlər, gözün buynuz qişası və nazik bağırsaq daha çox köçürülən orqanlardır. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda onun yaşaması üçün lazım olan orqanın digər bir insandan transplantasiyası, yəni köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada olub. Ukraynalı həkimlər yüzminlərlə ölümcül xəstəyə yeni şəfa mənbəyi tapıblar. İlk köçürülən orqan isə böyrək olub.

Hazırda demək olar ki, bütün Avropa ölkələrində transplantasiya orqanları bankları fəaliyyət göstərir, ora müntəzəm olaraq donor orqanları daxil olur. Azərbaycanda meyitdən orqan və ya toxumalar götürən belə donor bankları olmasa da, onun yaradılması üçün hüquqi baza var. Belə ki, qanunda göstərilir ki, əgər şəxs sağlığında donorluğa yazılı razılıq bildiribsə, onun orqanları ölümündən sonra götürülə bilər, yox əgər şəxs sağlığında bundan yazılı şəkildə imtina edibsə, onda bu mümkün deyil. Əgər şəxs sağlığında bu məsələyə münasibət bildirməyibsə, ölümündən sonra onun orqan və toxumalarının götürülməsinə onun yaxın qohumlarının və ya qanuni nümayəndərinin icazəsi olmalıdır. Sadəcə, Avropada qanunvericiliyə əsasən, meyitdən orqan və ya toxumalar götürülməsi üçün onun yaxınlarından icazə almaq lazım deyil. Bu metodun ölkəmizdə də tətbiqi məqbul sayılır. 

Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev məsələ ilə Movqe.az-a açıqlalasında qeyd edir ki, əslində, ölkəmizdə bunun həyata keçirilməsi heç bir problem yoxdur. Sadəcə olaraq, Azərbaycanda buna uyğun mexanizm yoxdur.

 Musa Quliyev keçən il millət vəkili Qənirə Paşayevanın da orqan nəqli haqda vəsiyyətini xatırlatdı. Bildirdi ki, Qənirə xanım da belə bir addım atıb, lakin gəlin reallığa baxaq ki, bizdə bunu həyata keçirəcək xəstəxanalar, uyğun struktur varmı?  Bunu həyata keçirmək üçün Azərbaycanda nə xəstəxanalar, nə mütəxəsssislər var. 

Musa Quliyev bildirdi ki, əgər ölkəmizdə bu prosesi həyata keçirəcək sistem qurulsa, o, özü də orqanlarının nəqlini vəsiyyət edərdi: "Amma indiki halda vəsiyyət edib-etməməyin heç bir əhəmiyyəti yoxdur. Gərək  bu məsələ reallığa uyğun olsun, populizmə xidmət eləməsin". 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin isə məsələyə münasibəti isə belə oldu: " Bəli, bizdə hələ ki, ölmüş insanların orqanlarını digər ehtiyacı olanlara köçürmək mümkün deyil. Ancaq düşünürəm ki, qanunvericilikdə dəyişiklik olsa və labüd bilinsə ki, belə xəstəxanalar təşkil olunsun və ya bunun üçün lazimi tədbirlər görülsün, inanıram ki, bu prosesi reallaşdırmaq üçün heç bir çətinlik olmaz. Əgər qanunla müəyyən olunsa ki, ölmüş insanların ( təbii ki, ailəsinin və ölmüşün öz razılığı, vəsiyyəti olmalıdır-red) orqanları digər şəxslərə köçürülsün və bunun üçün tədbirlər görülsün, biz bunu edə bilərik. Heç bir problem yoxdur".