Nobel mükafatını hələ də Azərbaycana gətirən alim yoxdur

10 Oktyabr 2014 11:45 (UTC+04:00)

Hər il İsveçin paytaxtı Stokholmda Nobel mükafatı sahiblərinə təqdim edilir. Bu günlərdə də Stokholmda növbəti mükafatlandırılma mərasiminə start verildi. Artıq müxtəlif sahələr üzrə mükafatlar öz sahiblərini tapıblar. Qeyd edək ki, Nobel mükafatının rəsmi təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin ölüm günündə keçiriləcək.

Tarixdən məlumdur ki, XIX əsrin sonlarından etibarən Nobel qardaşları Bakı neftinin hesabına böyük kapital əldə ediblər. Ancaq maraqlı və təəccüb doğuran məqam ondan ibarətdir ki, Nobel Fondunun büdcəsi Bakı neftindən əldə olunmuş milyonlar hesabına formalaşsa da, hələ də Azərbaycan alimləri arasında bu mükafatı alan olmayıb. Yalnız 1957-ci ildə Nobel mükafatına real namizəd kimi məhşur alim Yusif Məmmədəliyev irəli çəkilib. Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə, onun namizədliyi SSRİ alimləri tərəfindən irəli sürülür və 1957-ci ilin dekabrın 29-da, hətta SOV. KP MK-nın Siyasi Bürosunun iclasında müzakirəyə belə çıxarılır. Baş katib Nikita Xruşşov, büro üzvləri Yusif Məmmədəliyevin namizədliyinin Nobel Komitəsinə təqdim olunması haqda razılığa gələcəkdilər ki, ortalığa bir məktub çıxır. Bu, Sovet ordusu arxa təchizat idarəsinin rəisi, marşal Baqramyanın, Tank Qoşunları Komandanı general Babacanyanın dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatların Stokholma göndərilməsini məsləhət görmədikləri məktub idi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Mikoyan çıxış edərək məktub müəlliflərinə haqq qazandırır. Beləcə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmur. Yəni, erməni xisləti də burada özünü göstərir. 

Hazırda isə müstəqil Azərbaycanda elmə böyük diqqət göstərilir. Lakin qeyd olunduğu kimi hələ də  Nobel mükafatı laureatları arasında azərbaycanlılar yer almır. Fəlsəfə doktoru Əhməd Qəşəmoğlu bu məsələ ilə bağlı fikrilərini Mövqe.az-a açıqlayıb. Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycan alimlərinin Nobel mükafatını almağa potensialları var, lakin ölkədə elmin inkişafı üçün işlər görülməlidir: "SSRİ hakimiyyəti  illərində hegemonluq əsas Moskva, Leninqrad və Novosibirk alimlərinin arasında gedirdi. Respublikalarda elə böyük elmi nəticələr yox idi. Bizdə də Yusif Məmmədəliyevdən sonra Nobel mükafatı ala biləcək alimlər yox idi. İndiki dövrə gələndə, ola bilər ki, azərbaycanlılar dünyanın hansısa yerində uğurlara, nailiyyətlərə imza atırlar. Amma bu barədə də konkret məlumat yoxdur. Məsələ ondan ibarətir ki, hazırda bütün dünyaya səs sala biləcək elmi nəticələrimiz yoxdur. 

İndiki halda Azərbaycan aliminin özünün bütünlüklə elmə həsr etmək imkanı yoxdur. Buna müxtlif maneələr var. Maddi problemlər burda mühüm yer tutur. Bundan da başqa elmi məktəblər olmalıdır. Məsələn, kimya sahəsində bizdə belə məktəb var. Söhbət Yusif Məmmədəliyevin əsasını qoyduğu məktəbdən gedir. Fizika sahəsində də məktəb müəyyən qədər formalaşıbdır. Yenə də diqqəti artırmaq lazımdır. Bu gün elmi tədqiqat işlərinin aparılması üçün münbit laborotoriyalar çatışmır.  İşçilərə ezamiyyətlərin verilməsi məsələsində də bi sıra problemlər var. Əslində, alimlərimizin kifayət qədər potensialı var. Sadəcə olaraq, elmi elə təşkil etmək lazımdır ki, Nobel mükafatı alaq. O zaman ala bilərik. Necə ki, məqsəd qoyuruq ki, futbolda irəli gedək, gedirik, məqsəd qoyuruq qarşımıza ki, "Eurovision" musiqi yarışmasında qalib gələk, tanınaq, buna nail oluruq.Eləcə də elmdə eyni yolu getmək lazımdır".  

Fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqovun da fikirlərini öyrəndik. Professor düşünür ki, bu məsələ bütövlükdə Azərbaycan elminin problemidir. Qüdrət İsaqov əvvəlcə mükafatın tarixi barədə danışdı: "Nobelin öz vəsiyyətinə görə, müəyyən edilmiş mükafat dünyada 5 əsas istiqamət üzrə verilir. Birincisi, fizika üzrə, ikincisi, kimya üzrə dünyada ən böyük kəşfin müəllifinə, üçüncüsü, bilolgiya və tibb sahəsi üzrə ən böyük kəşfin müəllifinə, dördüncüsü, ədəbiyyat, dövrünün ədəbi ideeasını öz əsərində ən dolğun əks etdirən insana. Ən sonda isə, sülhə aid mükafatdır. Bu isə sülh məsələlri ilə məşğul olan insana verilir. Sonra bura insan haqlarını da aid etdilər.  Daha sonra isə mükafatların veriləcəyi istiqamətlərə iqtisadiyyatı da əlavə etdilər". 

Qüdrət İsaqovun sözlərinə görə, azərbaycalıların Nobel mükafatı ala bilməməsinə gəlincə, ölkədə belə insanların, mütəxəssislərin  yetişməsi üçün elm, bunun üçün isə təhsil inkişaf etməlidir: "Əgər bu ikisi dünya standartlarına çatmayıbsa, Azərbaycanda Nobel mükafatından danışmaq olmaz. 

Çox vaxt belə ifadələr səslənir ki,  "elmin piarını aparaq". Bunlar quru sözlərdir. Baxmaq lazımdır ki,  bu gün Azərbaycan alimi hansı şəraitdə yaşayır, hansı şəraitdə çalışır. Onun həyat və iş şəraiti dünya standartlarına uyğun olmalıdır. Və bir də ki, elmi əlaqələr sürətlə inkişaf etdirilməlidir. Əgər bu üçü yoxdursa, nə Azərbaycan elmi dünya standartları səiyyəsinə yüksələ, nə də dünyanın ən böyük mükafatı olan Nobel mükafatına layiqli bir namizədi yetişə bilər".