“Army” marketlə bağlı cinayət işi açıldı
10 Oktyabr 2014 14:00 (UTC+04:00)
Bakı şəhər Prokurorluğu Biləcəridəki mağazada
baş verən partlayışla bağlı məlumat yayıb. Bakı şəhər
Prokurorluğunun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata
görə, oktyabrın 08-də saat 18 radələrində paytaxtın Binəqədi
rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş
hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən
"Army" marketin ərzaq anbarında ilkin ehtimala görə qaz sızması
nəticəsində partlayış olub.
Partlayış zamanı 1992-ci il təvəllüdlü Əhmədov Ehtiram Nadir oğlu
ölüb, 1970-ci il təvəllüdlü Heydərova Əfşan Hüseyn qızı, 1993-cü il
təvəllüdlü Namazzadə Kənan Rəsul oğlu, 1996-cı il təvəllüdlü
Məmmədov Azər Nail oğlu, 1985-ci il təvəllüdlü Babayev Rahib Sergey
oğlu, 1989-cu il təvəllüdlü Ədilov Qəhrəman Məzahir oğlu, 1984-cü
il təvəllüdlü Eminov Rüfət Mənsur oğlu, 1974-cü il təvəllüdlü
Ramazanova Cəmilə Ziyəddin qızı və 1996-cı il təvəllüdlü Məcidzadə
Pərişan Rövşən qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq
xəstaxanaya yerləşdirilib. Həmçinin, yaxınlıqda olan avtomobillərə
ziyan dəyib.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanaraq istintaqın aparılması şəhər prokurorluğunun İstintaq
İdarəsinə həvalə edilib.
İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon
prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis
İdarəsinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin Ekspertiza
Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakları ilə hadisə
yerinə baxış keçirilib. Müvafiq ekspertizalar təyin edilmiş və
digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə
yetirilib.
Hazırda istintaq davam etdirilir.