Azərbaycan Ermənistan üzərində əzici üstünlüyünü artırır

11 Oktyabr 2014 08:33 (UTC+04:00)

Azərbaycanın sürətli inkişafı digər sahələr kimi ordu quruculuğunda da özünü qabarıq surətdə büruzə verməkdədir. Hazırda ordumuz təkcə Qafqazda yox, ümumiyyətlə, dünyada ən güclü silahlı qüvvələr sırasında yer almaqdadır. Bütün bunlar isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli nəticə verməsə, Azərbaycan beynəlxlaq hüquq qaydalarına tam müvafiq olaraq ərazi bütövlüyünü bərpa etmək üçün güc amilindən istifadə edərək torpaqlarını işğaldanazad edəcək.

Belə vəziyyət isə daha çox Ermənistanı qorxudur. Yeri gəlmişkən qeyd edək ki, cari ilin iyulun sonu avqustun əvvəllərində cəbhədə yaşanan gərginlik fonunda ermənilər layiqli cavablarını aldılar. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə toxunarkən qeyd edib: "Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir. Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir".

Ermənistan bir daha başa düşdü ki, yenidən təxribata əl atsa, yenə də layiqli cavab alacaq. Eyni zamanda indiki vəziyyətdə Ermənistanda hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri gizlədərək, əhalinin fikrini yayındırmaq məqsədilə dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yaymaqla məşğuldur. Halbuki, ermənilər getdikcə daha böyük itğkilərlə üzləşirlər. Millət vəkili Zahid Oruc bu xüsusda qeyd edir ki, Qarabağ prosesləri Ermənistanın saxta dövlətçiliyini sarsıtmaqdadır: "Ermənistan Ağdam cəbhəsi kimi növbəti sindromu yaşamaq istəməz. Sarkisyan rejimi erməni xalqının qəzəbindən qorxaraq, ölənləri hər gün iki-iki təqdim etməklə ümumi prosesin tərkib hissəsi kimi göstərərək qurtuldu. Eyni zamanda, xalqın ağır şəraitini Ermənistanın iqtisadi gücünü Qarabağ məsələsinə yönəltməsi ilə əsaslandırırdı. İndi vəziyyət dəyişib. İndi Azərbaycana atılan hər güllənin əvəzi 10 qat çıxılır. Belə olan təqdirdə, Qarabağ cəbhəsində irəliləyişə nail olmaq, Azərbaycana təsirli zərbəyə əl atıb ondan Ermənistanın ictimai-siyasi həyatından faydalanmaq imkanları tükənir. Əksinə, cənab Prezidentin qeyd etdiyi kimi təmas xəttində yaşanan hər bir gərginlik Ermənistandan köçə səbəb olur. Ermənistandakı vəziyyət 90-cı illərdə Azərbaycanda yaşanırdı. O zaman bizdə normal rəhbərlik və uğurlu siyasət olmadığından insanlar çıxış yolunu kənarda axtarırdı. İndi Azərbaycan güclənib və vəziyyət dəyişib. Lakin Ermənistan haqqında bunu demək olmur. Onların öz statistik məlumatlarına əsasən, ötən il 93 min insan ölkəni geri qayıtmamaq üçün tərk edib. Bu əmək resurslarının itirilməsi Ermənistanın gələcək həyatına, müdafiə qabiliyyətinə sarsıdıcı zərbədir".

Hazırda Ermənistan çalışır ki, maksimum dərəcədə münaqişənin həllini uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Lakin dünya birliyi, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri də bəyan edir ki, status-kvo dəyişdirilməlidir və status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Lakin real vəziyyətin təhlili göstərir ki, nə qədər, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcək. Elə indi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil. Məhz bu amil də münaqişənin həllini əhəmiyyətli dərəcədə əngəlləyir. Birmənalı həqiqətdir ki, Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi, müxtəlif dövlətlərdən asılı vəziyyətdə olması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların müsbət nəticə verməsini əngəlləyir. Dünya birliyinə də yaxşı məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, milyonlarla vətəndaşımızı öz doğma yurd-yuvalarından didərgin salıb. Ermənistanın işğalçılıq faktı BMT-nin və digər beynəlxalq qurumların qətnamələrində öz əksini tapıb. Lakin bu ölkənin arxasında duran qüvvələr, onlara hamilik edən dairələr hər vəchlə münaqişənin sülh yolu ilə həllinə imkan vermirlər. Ermənistanın müstəqil siyasətinin yoxluğu isə ona Qarabağ məsələsində sərbəst addım atmağa imkan vermir. Nəticədə bu gün Ermənistan iqtisadi fəlakətlə üz-üzə qalıb və münaqişənin uzanması ilk növbədə Ermənistanın, onun əhalisinin özünə sərf etmir. Bununla belə, müstəqil siyasət yürüdə bilmədiklərinə və digər dövlətlərin ruporu rolunda çıxış etdiklərinə görə, ermənilər müstəqil qərar verib, işğaçlı siyasətindən əl çəkə bilmirlər.

Bu vəziyyət dəyişməsə, Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad etməyə vadar olacaq. Elə bu səbəbdən ordu davamlı şəkildə gücləndirilir. Bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib: "Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik."

Bu məqamı şərh edən millət vəkili Fəzail Ağamalı bildirir ki, Prezident İlham Əliyevin Azərbaycan Ordusunun təkcə regionda deyil, dünya miqyasında güclü ordular sırasında olmasını qeyd etməsi ciddi amildir: "Həm də Azərbaycanın Ermənistan üzərində ciddi üstünlükləri cənab Prezident tərəfindən önə çəkildi. Prezidentin bu fikirləri təkcə daxili auditoriya üçün deyil, Ermənistan və onun havadarları üçün də bir xəbərdarlıq xarakteri daşıyırdı ki, Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarılmasa, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı hərbi yolla azad edəcək". Millət vəkili bildirib ki, bu gün Azərbaycan Ordusunun hərbi-texniki təchizatı ən yüksək səviyyədədir: "Azərbaycan dünyanın müxtəlif ölkələrindən ən müasir silahlar almaqla, hər il keçirilən hərbi sərgilərdə iştirak etməklə kifayətlənmir, həm də öz hərbi sənayesini getdikcə genişləndirir".