Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

10 Oktyabr 2014 18:43 (UTC+04:00)
Oktyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərğaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən söz açıb, etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması məsələlərinin vacibliyini önə çəkib.
Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi və ənənəvi köklərə malik olduğunu diqqətə çatdıran mədəniyyət və turizm naziri vurğulayıb ki, səfərlər və görüşlər, iki dövlət arasında münasibətlərin genişlənməsinə və inkişafına xidmət edir.
Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladan İzzətullah Zərğami bu münasibətlərin son vaxtlar daha sürətlə inkişaf etdiyini vurğulayıb, televiziya və radio yayımları sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Qonaq bu yaxınlığın iki dövlət arasındakı münasibətlərin dərinləşməsində olduqca mühüm rol oynadığını vurğulayıb.
Görüşdə ölkələr arasında mədəniyyət, turizm və mədəni irs sahəsində əməkdaşlıq, bu əlaqələrin inkişaf etdirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.