Yağış yağdı, evləri su basdı

11 Oktyabr 2014 13:00 (UTC+04:00)
Fransanın cənub hissəsində aramsız yağan yağışlar daşqınlara səbəb olub.

Movqe.az,milli.az-a istinadən xəbər verir ki,  çayların daşması, əsasən, Yuzes, Nim və Somier şəhərlərində fəsadlar törədib.

Daşqın suları onlarla evi, yolları basıb. Yuzes və Nim şəhərində bəzi bölgələrdə suyun hündürlüyü 1 metrə çatıb.

Sel yollarda avtomobilləri sürükləyərək aşırıb. Nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Daşqın suları regionun təsərrüfatına ciddi ziyan vurub.

Elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində yüzlərlə ev işıqsız qalıb. Rəsmilər təbii fəlakətlə əlaqədar hələlik insan itkisi barədə açıqlama verməyiblər.