Honkonqda yeni iğtişaşlar başladı

13 Oktyabr 2014 00:04 (UTC+04:00)
Çinin Honkonq yarımmuxtar regionunda etiraz aksiyaları bu səhər də davam edib.Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, Honkonqun Monq Kok bölgəsində demokratiya tərəfdarları olan etirazçılarla polis arasında toqquşmalar baş verib. Qarşıdurmaya etirazçıların yeni barrikadalar qurmağa çalışması səbəb olub. Toqquşmalar zamanı bir neçə etirazçının polis tərəfindən saxlanıldığı bildirilir.

İnsident zamanı etirazçıların olduğu əraziyə sürülən avtomobilin 3 taksi ilə toqquşması da vəziyyəti gərginləşdirib.

Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Aksiya iştirakçıları Honkonq administrasiyasının rəhbərinin Pekin tərəfindən müəyyənləşdirilməsini deyil, Honkonq sakinləri tərəfindən seçilməsini tələb edirlər. Rəsmi Pekin isə yarımmuxtar regionda seçki modelinin dəyişilməyəcəyini bəyan edib.