Üç zəvvarımız öldü

13 Oktyabr 2014 10:57 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərinə gedərkən aşan zəvvar avtobusu ilə bağlı məlumat yayıb.


Movqe.az-ın Nazirliyə istinadən verdiyi məlumata görə, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.


Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.


Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.


Əməliyyat saat 07:30-da başa çatıb. İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.