"Statoil" "Şahdəniz" layihəsindəki payını Malayziyanın "Petronas" şirkətinə satıb

13 Oktyabr 2014 14:46 (UTC+04:00)

Norveçin "Statoil" şirkəti "Şahdəniz" layihəsindəki 15,5 faizlik iştirak payını və Cənubi Qafqaz qaz kəmərindəki eyni miqdarda payını Malayziyanın "Petronas" şirkətinə satıb.

Sövdələşmənin dəyəri 2,25 milyard dollar təşkil edir. Trend xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Məlumatda şirkətin vitse-prezidenti Lars Kriatian Bakerin sözlərindən sitat gətirilir: "Bu sövdələşmə [payın satışı] portfelimizi optimallaşdırır və sənaye inkişafına və yüksək artıma nail olmaq üçün maliyyə çevikliyini gücləndirir".

2014-cü ilin ikinci rübündə şirkətin "Şahdəniz" yatağında hasilatının sutkalıq həcmi 38 min barel neft ekvivalentində qaz təşkil edib.

O deyib: "Biz "Statoil"in beynəlxalq portfelində mühüm rol oynamaqda davam etməyə sadiqik".

Müvafiq orqanlar tərəfindən bəyəniləcəyi halda sövdələşmənin 2015-ci ilin əvvəlində başa çatacağı gözlənilir.

Qeyd edək ki, "Şahdəniz" tərəfdaşları aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).