Bankların sığorta ilə bağlı fırıldaqlarına son qoyulur

14 Oktyabr 2014 08:39 (UTC+04:00)

Mərkəzi Bank müştəri hüquqlarının qorunması istiqamətində yeni addım atmağa hazırlaşır. Belə ki, növbəti ildən etibarən vətəndaş bankdan kredit götürərkən ondan sığorta tələb olunduqda bankın istədiyi yox, özünün seçdiyi sığorta şirkətinə müraciət edə biləcək. Bu barədə Bakıda keçirilən Mikromaliyyə Konfransında Mərkəzi Bankın rəsmisi Nəbi Əliyev məlumat verib: "Bunu təmin etmək üçün Mərkəzi Bank əlaqəli satışı məhdudlaşdıracaq. Bu məqsədlə həm qanunvericiliyə dəyişiklik olunacaq, həm də ayrıca metoloji sənədlər hazırlanaraq banklara göndəriləcək".

Onun sözlərinə görə, təcrübədə bu cür hallara tez-tez rast gəlinir ki, bank heç müştəridən soruşmadan tərtib etdiyi müqavilədə özünün əməkdaşlıq etdiyi bir sığorta şirkətinin adını qeyd edir. Bu isə yolverilməzdir. Amma bankların müştəriyə hər hansı tövsiyyə verməsi mümkün olacaq".

Mütəxəssislər atılacaq addımı müsbət hesab edirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, kreditlərin sığortalanması kreditləşmə prosesində vacib olan şərtlərdən biridir: "Onun bank-maliyyə sektorunun sağlam idarə olunmasında xüsusi rolu var. Lakin təəssüf ki, bu günə qədər banklar bu sahədə öz dominantlığını qoruyub saxlayıblar. Kredit alan şəxslərə hansı sığorta şirkətləri ilə əməkdaşlıq etməyi özləri deyirdilər. Yaxud da bank hansısa sığorta şirkəti ilə əməkdaşlıq edirdisə, vətəndaş da məcburən həmin sığorta şirkətinin xidmətindən istifadə edirdi. Bu isə normal bazar iqtisadiyyatının rəqabətlilik prinsipinə ziddir. Həmçinin, sığorta bazarında normal rəqabət mühitinin formalaşmasına və eyni zamanda bazarın inkişafına mənfi təsir göstərən amillərdən biri idi. Bildiyimiz kimi, sığorta bazarı Azərbaycanda yenicə təşəkkül tapmağa başlayıb. Bu bazarda kreditləşmənin sığorta haqlarının yığılmasında böyük payı var. Amma məhz bu sahədə inhisarçılıq, bir istiqamətləndirmə neqativ halların yaranmasına gətirib çıxarırdı. Digər mənfi tərəflərindən biri isə ondan ibarət idi ki, bir çox hallarda sığorta şirkəti banklara diqtə edirdilər. Məsələn, diqtə edirdilər ki, banklar müştəri ilə kredit müqaviləsi bağlayarkən aldadıcı vəziyyəti deməsinlər. Yəni, banklar məsələn, vətəndaş vəfat etdiyi halda krediti sığortaladığını deməli idi. Digər aralıq hallarda kreditin sığortalanması bank işçiləri tərəfindən kredit alanlara deyilmirdi. Belə olan halda isə əgər kredit götürən əmək qabiliyyətini itirirdisə, həmin krditin qalan hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsində ciddi problemlər ortaya çıxırdı. Lakin indiki halda - Mərkəzi Bankın bu qərarından sonra krediti alan sığorta şirkətini özü seçəcək. Bu da onu deməyə əsas verir ki, sığorta şirkəti kredit alanlarla daha normal şərtlər təklif etməyə çalışacaqlar. Bu, ilk növbədə sığorta faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Eyni zamanda müştərilən hüquqlarının qorunması baxımından çox ciddi irəliləyişə nail olunacaq. Təbii ki, bütün bunlar qanunlara dəqiq əməl edildiyi halda mümkündür. Ancaq bir nüans var. Mərkəzi Bank qərarı qəbul edib, lakin orada qeyd edilir ki, bank öz tövsiyəsini edə bilər. Proseslər onu göstərir ki, yaradılmış balaca şans bəs edir ki, banklar yenə də əvvəlki qaydada müştərilərinə diqtə etsinlər. Odur ki, bu tövsiyyə məsələsi qanundan yığışdırılsa, yaxşıdır. Çünki, tövsiyyənin orada qeyd olunması və bu imkanın banklara verilməsi sonda bankların diqtəsinə gətirib çıxara bilər".

Mərkəzi Bankın yeni tələbinə münasibət bildirən deputat Əli Məsimli də "Media forum"a açıqlamasında öncə deyib ki, Azərbaycanda banklar adətən öz müştərilərini əməkdaşlıq etdikləri və yaxud eyni holdinqdə təmsil olunduqları sığorta şirkətinə yönəldir: "Bu yaxşıdır, yoxsa pis? Yəqin ki, analiz aparılsa, bunun həm müsbət, həm də mənfi məqamları ortaya çıxar. Amma o biri yandan da bu, bəzi həkimlərin xəstəyə çoxlu dərman yazıb, sonra da həmin dərmanları hansı aptekdən almaq lazım olduğunu göstərməsinə bənzəyir. Bankdan kredit götürənin istədiyi sığortaçını seçə bilməsi həm bank-müştəri münasibətlərinin demokratikləşməsi, həm sığorta şirkətləri arasında rəqabətin artması, həm də istehlakçı hüquqlarının qorunması baxımından müsbət addım olardı".