Nazir hamilə xanıma yardım etdi
13 Oktyabr 2014 18:00 (UTC+04:00)
Ana və uşaqlara göstərilən tibbi xidmətin
keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin
əsas prioritet istiqamətlərindən biridir.
Səhiyyə Nazirliyi Mətbuat
xidmətindən Movqe.az-a daxil olan xəbərdə bildirilir ki, nazirin
diqqət və nəzarətdə saxladığı bu sahəyə yönəlmiş daim bir sıra
işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Belə
addımlardan biri də Səhiyyə naziri Oqtay Şirəliyevin iyun ayının
20-də Balakən rayonunda keçirdiyi qəbul zamanı olub. Belə ki,
müraciət etmiş 5 aylıq hamilə, Qax rayon sakini Məmmədova Ülviyyə
Çingiz qızı, bu günlərdə həkimlərimizin səyləri sayəsində yenidən
dünyaya qayıdıb. Balakən rayonunda keçirilən qəbul zamanı nazirə
müraciət etmiş xanım İran İslam Respublikasından olduğunu, orada
anadangəlmə kəskin ürək qüsurundan əziyyət çəkən Ülviyyə xanıma,
hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət
görüblər. Təklifin maddi imkanları xaricində olması, həbelə
psixoloji cəhətdən xarici ölkədə belə bir riskli doğuşun icra
olunması təhlükəsi ilə üzləşən gənc ailənin son ümid yeri səhiyyə
nazirinin qəbuluna gəlmək olub. Müraciətdən dərhal sonra nazirin
xüsusi tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal
Mərkəzinə yerləşdirilib. Hamiləliyinin son üç ayını Perinatal
Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin
kardioloqlarının ciddi nəzarəti altında saxlanılıb və oktyabrın
1-də qeysəriyyə əməliyyatına alınıb. Əməliyyat Respublika Perinatal
Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına
Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında
icra olunub. Əməliyyat uğurla sona yetirilib, hazırda xanım və yeni
doğulmuş körpə tam sağlamdır.
Nazirliyin açıqlamasında bildirilir ki, Səhiyyə Nazirliyi Ülviyə
xanım kimi, yüzlərlə ana olmaq arzusunda olan xanımlara yardım
etməyə hazırdır. Lakin onlardan da tələb olunan məqamlarda var ki,
bu da onların vaxtında həkimə müraciət etmələri, daim həkim
nəzarəti altında olmalarıdır.