Marketlərdə təhdid yaradan qidalar

14 Oktyabr 2014 11:25 (UTC+04:00)

Müvafiq dövlət strukturları tərəfindən keyfiyyətsiz, vaxtı keçmiş ərzaq məhsullarının dövriyyədən çıxarılması üçün zəruri addımlar atılsa da, yenə market və dükanlarda belə məhsullara rast gəlinir. Bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinq nəticələri də sübut edir. Əslində, yararlılıq müddəti bitmiş ərzaq və qeyri-ərzaq məhsullarının satışı qadağandır. Bu, yeyinti məhsulları və istehlakçıların hüquqlarının qorunması haqqında qanunda da öz əksini tapıb. Lakin hələ də qanuna riayət etməyərək satışa vaxtı ötmüş məhsullar çıxaranlar az deyil. Qeyd etmək lazımdır ki, belə keyfiyyətsiz məhsullar mərkəzdən uzaq yerlərdə  fəaliyyət göstərən market və dükanlarda, müxtəlif regionlarda aşkar edilir.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu, regionlarda monitorinqlərin şəhərə nisbətən az aparılması ilə bağlıdır: "Regionlarda bu sahədə vəziyyətin daha çətin olmasıyla bağlı məlumatlar hər zaman olub. Bunun bir neçə səbəbini qeyd etmək olar. Birincisi, Bakıya nisbətən regionlarda monitorinqlərin intensivliyi daha azdır. Paytaxtda isə  monitorinqlər daha tez-tez aparılır və doğurdan da bunların  çox müsbət effekti olur. Dövriyyədən külli miqdarda vaxtı keçmiş və insanların sağlamlığına ziyan vura biləcək məhulların aşkarlanmasına tez-tez rast gəlirik. Bu, təqdirəlayiq bir haldır. Regionlara gəldikdə isə, dediyimiz kimi, monitorinqlərin intensivliyi azdır". 

Ekspert hesab edir ki, burda psixoloji bir məqam da var: "Regionlarda Bakıdan fərqli olaraq insanlar bir-birlərini daha yaxından tanıyırlar, şəxsi münasibətləri daha çox olur, qohumluq əlaqələri geniş olur. Bakı isə böyük meqapolisdir. Hamı burda qarışıq şəkildə yaşamağa məcburdur. Regionlardakı qeyd etdiyim vəziyyət isə  monitorinqlərin intensivliyini azaldır. Başqa bir tərəfdən, regionlarda dolanışıq səviyyəsi paytaxta nisbətən aşağıdır. Bu, dünyanın hər yerində belədir. Belə yerlərdə qonşuluq, tanışlıq var deyə mallar əksərən nisyə alınır. Nisyə mal götürən insanlar çox vaxt məhsulun vaxtının keçməsinə heç fikir vermirlər. Fikir verəndə də bunu demirlər, etiraz eləmirlər, çünki malı nisyə aldıqlarından nəsə söz də deməyə çəkinirlər.  Nisyə mal vermək dükan sahibinin ona hörməti olduğundan, vaxtı ötən məhsul haqda heç bir orqana da məlumat vermirlər. Bütün bu iqtisadi, sosial və psixoloji məqamları nəzərə alaraq regionlarda bu məsələnin effektivliyi Bakıya nisbətən aşağıdır. Amma bir daha qeyd etmək istərdim ki, Bakıda son zamanlar keçirilən monitoriqlərin ciddi effekt verdiyinin şahidi oluruq. Çox nadir hallarda rast gəlmək olur ki, piştaxtada vaxtı keçmiş məhsullar olsun". 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirdi ki, monitorinqlər həm şəhərlərdə, həm də regionlard kifayət qədər aparılır. Və son illərlə müqayisədə müsbət nəticələr əldə olunub: "Son illər apardığımız tədbirlərin nəticəsi olaraq müşahidələr onu göstərir ki, regionlarda, eləcə də şəhərlərdə həm qanunsuz məhsullar satan ticarət obyektlərinin sayı kəskin azalıb, həm də hər mağazadan çıxan yararsız məhsulların miqdarı əhəmiyyətli dərəcədə aşağı düşüb.  Ümumiyyətlə, bizim nəzarət tədbirləri həm Bakıda, həm regionlarda həyata keçirilir. Nəticə də yüksəkdir. Bu, daha çox maarifləndirmə tədbirlərinin nəticəsidir. Düzdür, burda inzibati tədbirlər də əhəmiyətli rol oynayır. Amma ən əsas istehlakçıların fəallığının təmin olunmasıdır. Biz mütəmadi olaraq maarifləndirici konfranslar, seminarlar, açıq qapı günləri keçiririk. Maarifləirici məlumatlar KİV vasitəsilə də yayılır. Bundan əlavə, biz müxtəlif mal və məhsullar üzrə maarifləndirici broşürlar hazırlayıb istehlakçılara, eyni zamanda sahibkarlara paylayırıq. Məqsəd odur ki, istehlakçılar məhsullar haqda məlumatlı olsunlar, eyni zamanda öz hüquqlarından xəbərdar olsunlar, sahibkarlar da məsələyə daha ciddi şəkildə yanaşsınlar".