Yeni nəsil niyə cılızlaşır?!

14 Oktyabr 2014 11:34 (UTC+04:00)

Müşahidələr göstərir ki, son illər dünyada hündürboylu, qamətli insanların sayı azalır. Ümumiyyətlə, müxəlif ölkələrin əhalisi üzrə aparılan araşdırmalar sübut edir ki, son illər insanların orta boy səviyyəsi aşağı düşür, hündürboylu insanlar getdikcə azalır. Azərbaycanda da eyni vəziyyət müşahidə olunmaqdadır. On il öncə 18 yaşına çatan gənclər, xüsusən onuncu-on birinci sinifdə təhsil alan oğlanlar qəddi-qamətli, ucaboy idilər. Amma bu gün onuncu-on birinci sinifdə təhsil alan oğlanlar haqda bunları söyləmək mümkün deyil. Tələbə ilə məktəblini bir-birindən fərqləndirmək çətindir. Üstəlik bu hal təkcə şəhərlərdə deyil, rayonlarda, dağ kəndlərində də təsadüf olunur. Halbuki, belə yerlərdə təmiz hava, təbii qidalar hündürboy, qamətli insanlar yetişdirirdi.

Ailə həkimi Ülkər Əhmədova Movqe.az-a boyun inkişafına təsir edən faktorlar haqda məlumat verib.  Həkimin sözlərinə görə, boyun inkişafına bir neçə faktor təsir edir. Bunlar daxili (endogen) və xarici (ekzogen) faktorlar olaraq 2 qrupa bölünür: "Endogen faktorlardan irsiyyət, yəni bizim genetik potensialımız boyun inkişafına təsir edən ən önəmli faktorlardandır. Boyun hündürlüyü həm müxtəlif etnik qruplar arasında, həm eyni etnik qrupun müxtəlif ailələri arasında, həm də eyni ailənin müxtəlif üzvləri arasında fərqli ola bilər. Uşağın boyu ilə valideynin boyu arasında əlaqə var ki, bu da qısaboylu valideynlərin qısaboylu övladlarının olması ehtimalını yüksəldir. Lakin boya olan genetik təsir daha çox özünü 2-3 yaşlarında büruzə verir. Digər faktor hormonlardır. Hormonlar  bədənimizdəki vəzilər tərəfindən ifraz edilərək qanda sirkulyasiya edən, boyumuza, metabolizmə, hətta əhvalımıza təsir edə bilən maddələrdir. Bütün hormonlar boy inkişafına müəyyən qədər təsir edir, lakin bəziləri (böyümə hormonu, tiroksin, androgenlər, estrogenlər, kortizol, insulin) xüsusilə əhəmiyyətli rola malikdir". 

Ülkər xanım ekzogen, yəni xarici faktorlar haqda danışarkən bildirib ki, bura insanların yaşadığı mühiti misal göstərə bilərik: "Məsələn, tropik iqlimi olan populyasiyalarda metabolizm daha sürətli olmalıdır, buna görə insanların boyu nisbətən qısadır. Əksinə, soyuq iqlimdə yaşayan insanlarda bədəndə istiliyi saxlaya bilmək üçün nisbətən böyük bədən, yəni hündür boy olmalıdır. Bu da bir növ yaşamaq uğrunda mübarizədə qalib gəlmək üçün adaptasiyadır. İkinci ekzogen faktor qidalanmadır. Belə ki, tərkibinə karbohidratlar, zülal, yağlar, vitaminlər və minerallar daxil olan düzgün balanslaşdırılmış qidalanma boyun inkişafında müsbət effekt verir. Adekvat olmayan qidalanma uşaqların zəif boy artımına səbəb olur, bu uşaqların qidalanmasını normallaşdırdıqda isə boyun inkişafı nəzərə çarpır". 

Həkim müasir dövrdə ən aktual və boy artımına daha çox təsir edən amillərdən danışarkən isə qeyd edib ki, bura təbii olmayan qidalanma (xüsusilə fast food), alkoqol, siqaret, dərmanlardan və kofeindən həddən artıq istifadə daxildir: "Bu faktorlar boy inkişafının ləngiməsinə səbəb olur. Ölkəmiz də  daha çox mülayim iqlim qurşağında yerləşdiyi üçün və sürətlə inkişaf etməkdə olan ölkələr sırasına daxil olduğu üçün hal-hazırda qısaboylu populyasiyalar nisbətən üstünlük təşkil edir. Sonda qeyd etmək istərdim ki, qadınlarda boyun sürətlə inkişafı 16-20, kişilərdə 18-28 yaşa təsadüf edir".

İdman mütəxəssiləri isə yaşlı nəsildən fərqli olaraq cavan nəslin daha bəstəboylu olmasını onların idmanla az məşğul olmaları, vaxtlarının çoxunu səmərəsiz işlərə həsr etmələrində görür.  Yaranan vəziyyətdən çıxış yolunu isə mütəxəssilər dünya təcrübəsində tətbiq edilən qidanın zənginləşdirilməsində görürlər. Onlar bütün hallarda qida məhsullarına maddələrin əlavəsinin ümumi şəkildə deyil, fərdi qaydada edilməsini məsqədəuyğun hesab edirlər. Onu da qeyd edək ki, boyun qısalması təkcə Azərbaycanda mövcud olan problem deyil. Bu problemlə dünyanın bir sira ölkələri üz-üzə qalıb. Ümümilikdə isə bütün dünyada ötən əsr ərzində insanların orta boyu 7 sm qısalıb.