İş axtaranların nəzərinə!

14 Oktyabr 2014 17:49 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbiri oktyabrın 14-də Azərbaycan Turizm İnstitutunda keçirilib. 

Nazirlikdən  verilən məlumata görə, aktiv məşğulluq tədbirində 3-ü dövlət, digərləri qeyri-dövlət sektoruna aid olan, əsasən turizm və otelçilik sahələri üzrə fəaliyyət göstərən ümumilikdə 58 müəssisə tərəfindən 492 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim olunub. Tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə peşə hazırlığına cəlb olunmaq, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı aparılıb. 

Tədbir zamanı həmçinin tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurub, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Müəssisələrin nümayəndələri tərəfindən tələbə və məzunlardan özləri barədə şəxsi məlumatlar (CV-lər) qəbul olunub. 

Bununla yanaşı, tədbirdə ƏƏSMN ilə BMT İnkişaf Proqramının birgə "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi çərçivəsində fəaliyyət göstərən Bakı SYSLAB Təlim Tədris Mərkəzinin nümayəndələri də iştirak edib. Onlar tərəfindən tələbə və məzunlar iş axtarışında çətinlik çəkdikləri təqdirdə mərkəz tərəfindən təşkil olunan, iş axtarışının metodologiyası, iş axtarma şəbəkəsinin müəyyən edilməsi, özünü işəgötürənə təqdim etmək, işə daxil olmaq üçün müsahibəyə hazırlaşmaq, CV hazırlamaq və s. barədə bilik və bacarıqlar aşılayan kurslara dəvət olunub.

Xatırladaq ki, cari ilin ötən dövründə ölkənin paytaxtında və regionlarında yerləşən ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində ümumilikdə 669 nəfərə boş iş yerlərinə göndəriş verilib. Həmin tədbirlərdə 182 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb, 147 nəfər müvəqqəti xarakterli işlərə göndərilib, 2824 nəfər tələbə və məzundan özləri barədə şəxsi məlumatlar (CV) qəbul edilib.