Səhiyyə Nazirliyi: "Tibb müəssisələrində yeni şöbələr yaradılıb"-Özəl

15 Oktyabr 2014 13:00 (UTC+04:00)

Səhiyyə Nazirliyi Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar tərtib edilmiş xüsusi proqrama əsasən tibb müəssisələrini müəyyənləşdirib. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. A. Qədirli deyib ki, həmin tibb müəssisələrində Avropa Oyunları ilə əlaqədar şöbələr yaradılıb: "Hörmətli səhiyyə naziri Oqtay Şirəliyev birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin iclasında ölkə başçısının tapşırıqları ilə bağlı hazırlıq işlərinə başlanılması məqsədilə göstərişlər vermişdi. Səhiyyə işçilərinin, tibb müəssisələrinin ölkəmizə gələcək qonaqlara yüksək səviyyədə tibbi xidmət göstərməsi üçün demək olar ki, hazırlıq işlərinin bir qismi başa çatıb. Paytaxtın müəyyənləşdirilmiş tibb müəssisələri birinci Avropa Oyunlarında tibbi xidmətin göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib.Yarışın keçiriləcəyi ərazidə tibb məntəqələrinin yaradılması, ölkəyə gələcək turistlərə bölgələrdə yüksək tibbi xidmətin göstərilməsi üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək. Artıq tibbi yardımın təşkili təcrübəsi Soçi və London olimpiyadalarından öyrənilib. Bunun üçün kadrlar müəyyənləşdirilib. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün tibbi xidmətin təşkili istiqamətində bütün zəruri tədbirlər yüksək səviyyədə təşkil ediləcək".