Saxta suları bazarlara kimlər daşıyır?

18 İyul 2012 18:31 (UTC+04:00)

Su həyat mənbəyidir! Bəşəriyyətin hər günü üçün bu ifadə ilə razılaşmamaq olmaz. Demək olar ki, su canlı orqanizmin yaşaması üçün əsas elementlərdən birincisidir. Amma zaman dəyişdikcə, texnologiya inkişaf etdikcə ibtidai su ilə yanaşı, onun müəyyən texnologiyalar vasitəsi ilə günün tələbinə uyğun formalarını da görmək olur. Təbii sudan fərqli olaraq bu suların ərsəyə gəlməsində təbiətlə bərabər insan faktoru da önəm daşıyır.

Amma təəssüflər olsun ki, bu gün dünyada istehsalatdan keçən süfrə sularının bəziləri standartlara cavab vermir. Bu kimi hallara yaşadığımız ölkədə də rast gəlmək mümkündür. Amma aidiyyatı qurumların mübarizələrini də vurğulamaq lazımdır. Belə ki, son zamanlar aidiyyatı qurumlar mövsümlə əlaqədar keyfiyyətsiz su istehsalı ilə məşğul olan müəssisələrin aşkarlanmsı istiqamətində respublikanın bir çox yerlərində reydlər keçirməyə başlayıblar. Reydlər nəticəsində tələblərə cavab verməyən bir çox istehsalat müəssisələrinin fəaliyyəti dayandırılıb, sahibkarlar inzibati qaydada cərimələnib. Amma ölkə ərazisində hələ də bu cür müəssisələrə təsadüf etmək olur. Su istehsalatında bu cür fəaliyyətə son qoymaq mümkün olmasa da maraq çəkən hallardan biri isə odur ki, keyfiyyətsiz sular əsasən 5, 10, 20 litrlik qablarda qablaşdırılır. Ekspertlərin fikirləri isə su biznesindəki bu neqativ halları izah edə bilir.

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bildirir ki, bizim sahibkarlar həmişə yoxlamalardan şikayət edirlər: "Amma iş burasındadır ki, istehsalatda müəyyən istehsal qayda-qanunlarına riayət olunmalıdır. Əsasən də texnoloji proseslərə daha çox diqqət ayrılmalıdır. Müəyyən istehsal sahəsi açılanda da həmin sahələrdə yoxlamaların aparılması vacibdir. Amma əfsuslar olsun ki, bir çox istehsal sahələrinin açılmasında da, istismarı dövründə də nöqsanlar olur. Əsasən də texnologiyaya riayət olunmur".

Sədr bildirir ki, istehsalatda birinci məqsəd pul qazanmaq olmamalıdır: "Birinci məqsəd sahibkarlıq etmək olmalıdır. Bu prinsipə riayət olunmadığına görə də yoxlamalar zamanı müəyyən nöqsanlar ortaya çıxır. Ancaq burada çıxış yolu var. Ara sahibkarlığı ilə məşğul olanların hamısı yavaş-yavaş aradan çıxacaqlar. Çünki, əsl sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar öz yoluna düşəcəklər. Müəyyən müddətdən sonra isə məşhur firmalar kimi brend məhsullar qalacaq. Amma o biri bir-iki günlük pul qazanmaq üçün gələn dırnaqarası sahibkarlar get-gedə aradan çıxacaqlar. Bu proses ya yoxlamalar vasitəsi ilə yaxud da onların öz yollarını tapması ilə baş tutacaq".

Sevgim Rəhmanov bunun kapitalizmin keçid dövrünün fəsadları olduğunu iddia edir: "Qarşını almaq çətindi. İqtisadiyyatda bu cür hallar mütləq olmalıdır və olacaq da. Burada sadəcə, bir qədər maarifçilik işləri güclənməlidir ki, istehlakçılar aldanmasınlar. Məhsulları ayıra bilsinlər. Tanınmış istehsalçıların məhsullarını alsınlar. Çıxış yolundan biri də budur. Paralel yoxlamaların da gücləndirilməsi vacibdir. Amma təkcə yoxlamalar aparıb, sahibkarları cəzalandırmaqla işi bitmiş hesab etmək olmaz. Yoxlamaların nəticələri də mütləq izah olunmalıdır, müzakirə olunmalıdır. Səbəb tapılandan sonra onunla mübarizə aparmaq asan olur. Onsuz da inzibati qayda ilə yoxlama aparmaq bu cür neqativlikləri aradan qaldırmağa bəs etmir. Çünki, yoxlamalar müəyyən aidiyyatı qurumların nəzdində var. Amma bu qurumlardakı yoxlama aparanların tərkibi azdır. Minlərlə istehsal obyektləri var ki, onların hamısında yoxlama aparmağı da çatdıra bilməzlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, Azərbaycanda bu məsələlər hələ də həll olunmamış qalmaqdadır: "Ona görə də artıq Azərbaycanda ABŞ-ın İnkişaf Agentliyinin Beynəlxalq ekspertlərinin təşkil etdiyi ərzaq mallarının və suların keyfiyyətinə dair 4 günlük treninq başlanılıb. Su qoxusu, rəngi, dadı olmayan təbiətin möcüzəsidir. Heç kəs sığorta edə bilməz ki, hər bir brendin hansı hissəsi təmizdir, yaxud da hansı hissəsi "ölü su" deyil. Bu məsələyə aydınlıq gətirmək üçün artıq Türkiyədən Azərbaycana laboratoriya da gətirilib. Müəyyən testlər var ki, onun vasitəsi ilə 10-a qədər su brendini yoxladıq. Yoxlanılan suların hamısının standartlara uyğun olmadığı üzə çıxdı. Lakin biz hələ bunun dəqiq analizini aparmırıq".

Eyyub Hüseynov bizdə su bazarında böyük problemlərin yaşandığını bildirir: "Burada istehlakçılar da çox diqqətli olsunlar. Bu bazarda hələ ki, müəyyən hərc-mərclik var. Təhlükəli suların yayılma yeri, xüsusən İpək yolunun üzərində yerləşən restoranlardır".

Sədr bu kimi halların qabağını almaq üçün öz təşkilatının da yaxşı işləməli olduğunu vurğulayır: "Bizim yaxşı komandamız olmalıdır. Əminik ki, bunun qarşısını alacayıq. Hələlik bizdə komanda formalaşa bilmir. Biz KİV-in, istehsalçıların, istehlakçı təşkilatlarının bir yerdə açıq diskusiyasını etmək niyyətindəyik. Suları alıb, anonim ekspertiziya edilməsi və cavabın alınması əzmindəyik. Lakin hələ ki, insan resusları toplaya bilmirik. Bundan başqa açıq ekspertiza da edəcəyik. Nəticələr də elan olunacaq".

Ekspert bu işlərdə istehlakçıların özlərinin də primitiv ekspertiza apara bilmələrini söyləyir: "Qaba tökülmüş su müəyyən zamandan sonra rəngini dəyişməməlidir. Əgər rəngini dəyişirsə, deməli, o, təmizlənməmiş sudur. Bundan başqa, suyu istehlak etdikdən sonra plastik qabları əzmək, deşmək lazımdır ki, ondan yenidən istifadə olunmasın. Suyun buraxılma tarixi və son yararlıq müddəti olmalıdır. Tarixi göstərilməyən suları almaq lazım deyil".