Ermənistan hakimiyyəti devrilir

17 Oktyabr 2014 08:26 (UTC+04:00)

Ermənistanda son vəziyyətin təhlili bu ölkədə təkcə sosial-iqtisadi yox, siyasi sferada da kifayət qədər acınacaqlı bir vəziyyətin yarandığını göstərir. Hadisələrin gedişi bu ölkədə Serj Sarkisyan iqtidarının vaxtından əvvəl hakimiyyətdən gedə biləcəyini istisna etmir. Xüsusən də müxalifətin son izdihamlı mitinqi hakimiyyətdə ciddi təşviş yaradıb. Xatırladaq ki, bir neçə gün əvvəl on minlərlə müxalifətçi erməni birlik nümayiş etdirərək, Ermənistan prezidenti Serj Sarkisyana hakimiyyət dəyişikliyi ilə bağlı xəbərdarlıq etmişdi. Bu aksiya müxaliflərin Qarabağ klanına qarşı birləşməsi kimi qələmə verildi. Serj Sarkisyanın komandası İrəvanda ölkənin əsas müxalifət partiyalarının 40 minlik aksiyasının hələ də şokunu yaşayır. Mitinqə çıxanlar yoxsulluqdan əziyyət çəkdiklərini, mövcud hakimiyyətin dəyişdirlməsi, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Həmin vaxt aksiyaçılar qarşısında çıxış edən sabiq prezident Levon Ter-Petrosyan deyib ki, Serj Sarkisyanın rejimi özünü tamamilə tükədib və bu, artıq xarici qüvvələr üçün də aydındır. Onun sözlərinə görə, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün ən əlverişli məqamdır.

Ter-Petrosyan əmindir ki, Sərkisyanın hakimiyyəti təcrid olunub, hətta beynəlxalq ictimaiyyət də ondan üz döndərib, xalqın səbri daşmaq üzrədir, müxalifət isə heç vaxt olmayan qədər birlikdədir. Başqa sözlə, hakimiyyətin dəyişməsi üçün bütün şərtlər var.

Həqiqətən də ermənistanda hakimiyyətin dəyişməsi üçün bütün şərtlər var. Ölkə daxilində hakimiyyətin heç bir dayağı yoxdur, Qərb sarksiyan iqtidarından üz döndərib, Rusiya isə bu iqtidarla münasibətlərini yenidən nəzərdən keçirməkdə maraqlı tərəf kimi özünü göstərməkdədir. Ermənistanda da hesab edilir ki, Sarksiyan iqtidarının vəziyyəti olduqca acınacaqlıdır. Xüsusən də Rusiya və Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşması Ermənistanda ciddi təşviş yaradır. Bu həftənin ilk günündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda səfərdə olması, Bakıda mühüm sənədlər imzalaması da bu fonda Ermənistanda birmənalı qarşılanmayıb. Şoyqunun, eləcə də Rusiyanın digər yüksək vəzifəli şəxslərinin Azərbaycana son səfərləri, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən danışıqların aparılması Ermənistan ictimaiyyətində təşviş yaradıb. Çünki Azərbaycan-Rusiya münasibətlərinin genişlənməsindən narahat olan işğalçı dövlət oyundankənar qaldığını açıq-aydın görür. Bunu ölkə rəsmiləri də etiraf edirlər.

Artıq ermənilərin özləri üçün aydındır ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı təkcə iki ölkə arasında deyil, ümumilikdə regionda əməkdaşlığın güclənməsinə, bölgədə problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid yaradır. Bu, həm də işğalçıların niyyətlərinin puça çıxmasına, onların ədalət qarşısında cavab verəcəyinə əminliyi artırmaqla yanaşı, Ermənistanın regional siyasətdən, əməkdaşlıqdan uzaq qaldığının göstəricisidir.

İrs Partiyasının parlament fraksiyasının rəhbəri Rubik Akopyan isə bildirir ki, hakimiyyətin siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb. Onun sözlərinə görə, yaranmış situasiyadan çıxış yolu hakimiyyəti dəyişməkdir və bu gün hakimiyyət dəyişikliyi tamamilə realdır. Hazırda Sarksiyan rejimi ölkədə konstitusiya islahatları aparmaqla hakimiyyətini möhkəmləndirmək niyyətindədir. Qeyd edək ki, yeni konstitusiyaya islahatına əsasən Ermənistan faktiki parlamet idarəetmə sistemli respublikaya çevriləcək. Baş nazir vəzifəsinə parlamentdə üstünlük əldə etmiş partiyanın nümayəndəsi seçiləcək və ölkənin idarə olunması ilə bağlı əsas səlahiyyətlər baş nazirə veriləcək. Prezidentin isə 7 il müddətinə parlament tərəfindən seçilməsi nəzərdə tutulur.Əhali sə buna qarşı çıxır. Hesab olunur ki, Sarksiyan sadəcə bununla hakimiyyətdəki ömrünü uzatmağa çalışır və prezident müddəti başa çatdıqdan sonra baş nazir kimi fəaliyyətini davam etdirməyi düşünür. Müxalifət isə buna imkan vermək istəmir.

Bu arada Ermənistan müxalifəti növbəti mitinqini oktyabrın 24-ə təyin edib. Növbəti aksiyaya hazırlaşan müxaliflər bu dəfə konkret hədəflər müəyyən edəcəklər. Hesab edilir ki, bu etirazlar əsasən ölkənin müxtəlif strukturlarında hökm sürən korrupsiya, ədalətsizlik və qanunsuzluq hallarına qarşı yönəlib. Ermənistanda işsizliyin səviyyəsi hər ay artır və vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalırlar. Bu etirazların həm də Dağlıq Qarabağ münaqişəsi ucbatından Ermənistanın çətin duruma düşməsindən qaynaqlandığı vurğulayan ekspertlər bildirir ki, münaqişəsinin uzanması ermənilərin durumunu daha da ağırlaşdırır. Ermənistan ciddi tənəzzül dövrünü yaşayır, ondan fərqli olaraq Azərbaycanda dinamik iqtisadi inkişaf prosesi gedir. Belə vəziyyətə görə də Ermənistanda Sarksiya iqtidarına qarşı narazılıqlar arıtr. Artıq Ermənistanda belə fikirlər getdikcə daha tez-tez eşidilir ki, münaqişə tezliklə həll olunmalı, Ermənistanın qonşu ölkələrlə normal münasibətləri qurulmalıdır. Bu isə məhz Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından keçir.