İşədüzəltmə agentliklərinin bitməyən fırıldaqları

17 Oktyabr 2014 08:51 (UTC+04:00)

Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Həmin qurumlar iş üçün müraciət edən şəxsdən bunun müqabilində əvvəlcədən müəyyən xidmət haqqı da alırlar. Daha sonra vətəndaşla əlaqə saxlayacaqlarını bildirir, onları yola salırlar. Lakin günlər keçsə də əlaqə olmur və vətəndaşdan alınan pul beləcə batıb gedir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov müvafiq qurumların belə fırıldaqçı agentliklərə qarşı cidi mübarizə aparmalı olduğunu dedi: "İşədüzəltmə agentliklərinin müraciət edən şəxsləri aldatması yolverilməz haldır. Həqiqətn də işə düzəltmə agentliklərində belə hərc-mərcliklər baş verir. Hazırda müvafiq nazirlik bu sahədə böyük dəyişikliklər aparmaq ərəfəsindədir. Son zamanlar həmin istiqamətdə Xətai rayonunda aparılan dəyişiklik təqdirəlayiqdir. Burada əhalinin məşğulluq mərkəzinə təcrübəli kadrlar gətirilib. Bu hal onun göstərir ki, prosesə nəzarət etməli olan qurumlarda peşəkar kadrlarla təmsil olunarsa, problemi həlli də mümkün ola bilər. Eyni zamanda, məşğulluq mərkəzləri belə agentliklərə qarşı ciddi mübarizə apararsa, məsələ həllini tapacaq. İşədüzəltmə agentliklərinin müəyyən xidmət haqqı almalarına rəğmən, müraciət edənləri işlə təmin etməmələri tendensiyası həm də əhalinin işə tələbatından meydana çıxır.

Əksər hallarda işədüzəltmə agentlikləri şəbəkə marketinqi üzərindən fəaliyyət göstərir. Belə nöqsanların yaranmasında istehlakçıların hüquqlarını müdafiə edən təşkilatların pis işləməsinin də az rolu yoxdur. Bu kimi qurumlar əhali arasında daha ciddi maarifləndirmə işləri aparsa, insanlar da işədüzəltə kampaniyalarının fırıldağına aldanmaz".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov iş tapmadıqda işə götürən agentliyin vətəndaşdan öncədən xidmət haqqı almasının qanunla qadağan edilməli olduğunu söylədi: "İşədüzəltmə agentliklərinin müraciət edən vətəndaşdan xidmət haqqı alması, lakin bunun müqabilində onu işlə təmin etməməsi, onların daha çox qazanmaq eşqindən qaynaqlanır. Onlar çalışır ki, vətəndaşa işə götürmədə yardım etməsələr də, gəlir əldə etsinlər. Bu isə iş üçün müraciət edən vətəndaşların hüquqlarının pozulması deməkdir. Bu da arzuolunan deyil. Onlara qarşı mübarizə üçün iş axtaran kampaniya ilə standart müqavilələr müəyyənləşdirilməlidir. Onun əsasında ödəniş haqları üçün maksimum faiz müəyyənləşdirilsin. Eyni zamanda, vətəndaşa iş tapmadıqları halda, ödənişin edilməsinin qanunla qadağan edilməsi olduqca vacibdir. Qanun birmənalı şəkildə işəgötürən şəxsin iş tapmadıqda vətəndaşdan hər hansı ödənişin istənilməsini qadağan etməlidir. Nəzarətin gücləndirilməsi, standart, konkret müqavilələrin təklif edilməsi, eyni zamanda, iş axtarandan istənilən faizlə bağlı maksimum limitlərin müəyyənləşdirilməsi birmənalı şəkildə imkan verəcək ki, iş təşkil edən şirkətlərin vətəndaşı aldatmasının qarşısını almaq mümkün olsun".

Hələlik isə bəzi şirkətlərin cəlbedici iş elanları arxasında, sadəcə, fırıldaq mexanizmləri quraraq namizəd şəxslərə anket doldurmaq təklif edirlər. Təbii ki, müəyyən pul müqabilində. Onlar, hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə, insanların inamından yararlanmaq kimi çirkin niyyətlər güdürlər və onlardan heç bir qarışılıqlıq olmadan pul alırlar. Bu iəs sadə fırıldaqdan başqa bir şey deyil.